9 C
Baku
Sunday, November 17, 2024

Sənaye istehsalı 5%-dən çox artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-noyabr aylarında 47.9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5.5% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 20.7% artıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 63.8%-i mədənçıxarma sektorunda, 30.6%-i emal sektorunda, 4.8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı eyni səviyyədə qalıb, əmtəəlik qaz hasilatı isə 23% artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 93.2%, tikinti materiallarının istehsalı 83.7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 64.3%, tütün məmulatlarının istehsalı 53.4%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 31.4%, toxuculuq sənayesi məhsullarının istehsalı 30.5%, kağız və karton istehsalı 28.4%, kimya sənayesi məhsullarının istehsalı 26.3%, hazır metal məmulatlarının istehsalı 24.0%, rezin və plastik kütlə məmulatlarının istehsalı 20.3%, metallurgiya sənayesi məhsullarının istehsalı 18.9%, mebel istehsalı 18.6%, neft məhsullarının istehsalı 14.6%, kompüter, elektron və optik məhsulların istehsalı 11.9%, qida məhsullarının istehsalı 11.3%, içki istehsalı 3.7%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 1.6% artıb

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7.2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 14.9% artıb.

Son xəbərlər
Digər xəbərlər