2 C
Baku
Saturday, December 14, 2024

Səudiyyə Ərəbistanın aviaşirkəti Azərbaycana uçuşların sayını artırıb

“Azərbaycana həyata keçirilmiş mövsümü uçuşların vaxtının uzadılması üçün bir sıra aviaşirkətlərlə aparılmış danışıqlarda Səudiyyə Ərəbistan istiqamətində müsbət irəliləyiş əldə olunub”.

Report agentliyi xəbər verir ki, bu barədə  Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanın ən böyük aviaşirkətlərindən biri olan “Flynas” yay mövsümündə Azərbaycana həftədə 10-a yaxın uçuş həyata keçirirdi: Biz həmin uçuşların qış mövsümündə də davam etməsi üçün danışıqlar apardıq və həmin danışıqların nəticəsi olaraq sözügedən aviaşirkət qış mövsümündə də Səudiyyə Ərəbistanın müxtəlif şəhərlərindən Azərbaycana həftədə üç dəfə uçuşlar həyata keçirəcək”.

Xatırladaq ki, Azərbaycana turist axını 10%-ə yaxın artıb. Bu ilin sentyabr ayında Azərbaycan sərhədlərini ümumilikdə 280 min nəfər keçib ki, bu da ötən ilin sentyabr ayına nisbətən 48 min nəfər və yaxud 20,8% çoxdur. Son bir ildə ən yüksək artım İran və Mərkəzi Asiya ölkələrindən gələnlərin sayında qeydə alınıb. İran üzrə artım 2 dəfə (33 min nəfər gəlib), Mərkəzi Asiya ölkələri üzrə artım isə 88% olub.

Gələn əcnəbilərin 6,7 min nəfəri və yaxud 13%-dən çoxu Gürcüstanın, 5,3 min nəfəri və yaxud 8%-dən çoxu Rusiyanın payına düşüb.

Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı rekord dərəcədə artıb ki, bu da ötən il ilə müqayisədə 3,3 dəfə artım deməkdir.

Yaxın Şərq bölgəsindəki ən böyük bazar yenə Səudiyyə Ərəbistanıdır. Buradan gələnlərin sayı 18,3% artaraq 23 minə çatıb.

Son xəbərlər
Digər xəbərlər