6 C
Baku
Sunday, December 15, 2024

Saatlıda becərilən “Göycə” alçası xaricə də satılacaq

Saatlı rayonunda salınan intensiv alça bağı spesifik xüsusiyyətlərinə görə Mil-Muğan bölgəsində ilk sayılır. Həm sahəsinə, həm də becərmə üsuluna görə seçilən bu bağda 10 minə yaxın alça ağacı əkilib. Bağ sahibi daxili bazardan əlavə, xaricdən də sifarişlər alıb.

Saatlı rayonunun Qaralar kəndi ərazisində yerləşən intensiv alça bağı 14 hektarı əhatə edir. Bağ 2019-cu ildə salınıb və beşinci ilində, yəni ilk məhsul tədarükündə bol məhsul yetişib.

Təsərrüfat sahibi Həbib Əhmədov deyir ki, ilk dörd il bağ üçün yalnız aqrotexniki qulluq göstərilib: “Bu bağda Naxçıvan “Göycə”si olan ağaclar becərilir. Əkin zamanı cərgəarası məsafələr nəzərə alınıb və hər bir ağac damla üsulu ilə suvarılır. İlk 4 ildə budama və becərmə işləri görülüb, lazımi aqrotexniki qulluq göstərilib. Ötən il ağaclar meyvə verməyə başladı. Bu il isə ağaclar tam bar verib və yığım 3 mərhələdə aparılır. İlk yığımda hər ağacdan 5-6 kiloqram məhsul tədarük olunur. Ümumilikdə isə mövsüm boyunca bağdan 100 tona yaxın məhsul götürməyi planlaşdırırıq”.

Mütəxəssis Əli Musayev isə bildirir ki, Saatlıda becərilən “Göycə” həm ölçüsünə, həm də dadına görə seçilir. Bu da imkan verir ki, məhsul xarici bazarlara də çıxarılsın. “Yığım bir həftədir başlayıb və hələ davam edir. Hazırda tədarük etdiyimiz məhsul əsasən daxili bazarlara 3-4 manata təhvil verilir. Bundan başqa, xaricdən də sifarişlər almışıq. Yerli bazarı təmin etdikdən sonra məhsulu xaricə də göndərəcəyik”, – deyə o əlavə edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər