16 C
Baku
Friday, April 19, 2024

Saatlıda sahələrdən hər gün 200 tondan çox “ağ qızıl” toplanılıb

Bir neçə gündür ki, Saatlıda pambıq yığımına başlanılıb. Fermerlər gün ərzində sahələrdən 200 tondan çox məhsul toplayırlar. Ötən il respublikanın pambıqçılıq rayonları arasında ən çox – 30min 440 ton “ağ qızıl” toplayan rayon pambıqçıları cari ildə də qələbə əzmi ilə çalışırlar. Məhsul istehsalçıları qısa müddətdə sahələrdən 1650 tondan çox pambıq toplayaraq qəbul məntəqələrinə göndəriblər. Pambıq kollarında qozalar tam açılmadığından hələlik məhsul yığımı əl ilə aparılır.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində  bölgə müxbirinə bildirilib ki, bu il rayonda 2480 istehsalçı ilə müqavilə bağlanaraq 13 min 741 hektar sahədə pambıq əkilib. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən tarlalarda bol məhsul yetişib.

Uzun illər pambıqçılıqla məşğul olan Əlizamin Alışov ötən il becərdiyi 31 hektar pambıq sahəsinin hər hektarından 35 sentner məhsul götürməklə 1064 ton pambıq toplayıb.

“Cari təsərrüfat ilində 25 hektar sahədə pambıq əkmişəm. Bitkini aqrotexniki qaydada becərdiyimdən sahəmdə məhsul boldur. Bir neçə gündür ki, məhsul toplanışına başlamışam. Yığım apardığım 6 hektar sahənin hər hektarından 38 sentnerdən çox məhsul götürmüşəm. Ötən il dövlətimiz tərəfindən pambığın hər tonu üçün alış qiymətinin 50 manat artırılması məhsul istehsalçıları arasında yüksək əhval-ruhiyyə yaradıb, onların işə olan marağını daha da artırıb. Fermerlər becərdiyi sahələrin məhsulunu qısa müddətdə və itkisiz toplamaq üçün bütün qüvvələrini sərf edirlər”, – deyə fermer bildirib.

Qeyd edək ki, saatlılı fermerlər bu mövsüm məhsulun maşınla toplanılmasına geniş yer veriblər. Bu məqsədlə 44 ən müasir pambıqyığan kombayn saz vəziyyətə gətirilərək sahibkarların ixtiyarına verilib. Yeni alınan 14 kombayn isə ehtiyatda saxlanılır. Ehtiyac olduqda bu maşınlar da sahələrə çıxarılacaq.

Son xəbərlər
Digər xəbərlər