12 C
Baku
Wednesday, December 11, 2024

Saatlıda salınan intensiv nektarin bağının məhsulu xarici bazarlara çıxarılacaq

Saatlı rayonu ərazisində ilk dəfə olaraq intensiv üsulla becərilən nektarin bağı salınıb. Hazırda bağda məhsul yığımı davam edir. Bağın ilk məhsulu əsasən yerli bazara tədarük olunur. Növbəti ildən Azərbaycan brendi olaraq xarici bazarlara da məhsul çıxarılacaq.

Saatlı rayonunun Qaralar kəndində salınan intensiv nektarin bağı 10 hektar sahəni əhatə edir. Bağdakı ağaclar 3 ildir becərilir və bu il ilk bar toplanılır. Fermer Həbib Əhmədov deyir ki, bağda 7 mindən çox ağac əkilib. Bağın salınması və becərilməsində innovativ üsuldan istifadə olunub.

“Belə bağ Mil-Muğan bölgəsində ilk dəfə salınıb. Ağaclar tirə üsulu ilə əkilib və cərgəarası məsafə də nəzərə alınıb. Suvarma sistemi də müasir texnologiya əsasında qurulub. İlk məhsul ilindəyik, hər ağacdan 15 kiloqrama qədər meyvə yığılır. Növbəti ildən bağın sahəsini 30 hektara çatdırmağı nəzərdə tutmuşuq”, – deyən H.Əhmədovun əsas hədəfi Mil-Muğan bölgəsinin məhsulunu Azərbaycan brendi kimi xaricə çıxarmaqdır. Fermer bu il xaricdən sifarişlər alsa da, ilk məhsul olduğuna görə, nektarini daxili bazarlarda satışa çıxarmağa üstünlük verib.

Bu günə qədər daxili bazara 20 tondan çox məhsul çıxarılıb. Qiymət isə 2-3 manat arasında dəyişir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər