9 C
Baku
Thursday, December 12, 2024

Sabiq başçı Vilyam Hacıyev deyir ki, baş mühasib yenidən məhkəməyə çağırılmalıdır

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda iş üzrə ekspertiza rəyləri açıqlanıb. Mühasibatlıq ekspertizasının rəyinə görə, rayon İcra Hakimiyyətində, mərkəzi xəstəxanada, kommunal təsərrüfat birliyində, rayon işıqlandırma idarəsində məktəb və bağçalarda ayrılan vəsaitlərin bir hissəsi təyinatı üzrə istifadə olunmayıb.

Prosesdə Vilyam Hacıyevin vəkili yoxlama aktına əsasən hazırlanmış ekspertiza rəylərinə etiraz edib. Vəkil məhkəməyə sənəd təqdim edərək bildirib ki, ekspertin əsaslandığı yoxlama aktı İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev tərəfindən hazırlanıb:

“Yoxlama aktında nə varsa, ekspert də onu köçürüb. Ekspertin özünün fikri olmayıb, heç nəyə də baxmayıb. Çox qəribə olsa da yoxlama aktını tərtib edən İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayevdir. Həmin Cəmil Musayev ki, burda ifadə verən əksər şahidlər ona rüşvət verdiklərini deyiblər. Yoxlama aktı seçmə üsulu ilə aparılıb. Obyektin birinə baxıb, digərlərini də ona uyğun tərtib ediblər. Bundan əlavə, məlum olduğu kimi ekspertiza rəyi 2012-2018-ci illəri əhatə edib. Halbuki 2012-2014-cü illərdə Maliyyə Nazirliyi İcra Hakimiyyətində yoxlama aparıb, həmin vaxt qanunsuzluqlar aşkar olunmayıb”.

Təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayevin yenidən məhkəməyə çağırılmasını istəyib.

Daha sonra vəkil Vilyam Hacıyevin səhhətində problemlər olduğu üçün Müalicə müəssisəsinə köçürülməsini xahiş edib.

Hakim bununla bağlı Pentensiar Xidmətə yazılı müraciət edilməsini tövsiyə edib.

Proses iyunun 10-da davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq, külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər