31 C
Baku
Saturday, May 31, 2025

“Sadələşdirilmiş vergi limitinin 1 mln. manata qaldırılması daha ədalətli olar”

Bu həftənin çərşənbə axşamı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev sadələşdirilmiş vergi ilə bağlı vacib açıqlama verib.

Banker.az xəbər verir ki, onun sözlərinə görə, hazırda hökumətdə bu sahədə dəyişikliklərlə bağlı müzakirələr aparılır.

Nazir bildirib ki, sadələşdirilmiş vergi üzrə 200 min manatlıq dövriyyə limiti artırıla bilər:

“Yeni mexanizm təklif edilir. Əgər sadələşdirilmiş vergi ödəyicisi öz dövriyyəsinin bəlli hissəsini nağdsız əməliyyatlarla icra edirsə, onun limiti 50 faiz artırıla bilər. Bu təklif hazırda vergi orqanları ilə birgə müzakirə olunur”.

İqtisadçı-ekspert Natiq Cəfərli bu təklifə müsbət yanaşaraq Maliyyə Nazirliyinin təşəbbüsünü alqışladığını bildirib. Onun sözlərinə görə, bu məsələni artıq uzun illərdir ki, gündəmdə saxlayırlar:

“Azərbaycanda 3 pilləli devalvasiyadan sonra dəfələrlə təklif etmişdik ki, kiçik və orta sahibkarlar üçün 200 min manatlıq illik limit artırılsın. Çünki bu məbləği keçən sahibkarların dərhal 18% ƏDV-yə cəlb edilməsi məntiqsizdir. Təəssüf ki, bu addımın atılması üçün 10 il vaxt lazım oldu”.

Cəfərlinin fikrincə, sözügedən limitin ən azı 500 min manata, daha məqsədəuyğun halda isə birbaşa 1 milyon manata qaldırılması daha ədalətli olar. O əlavə edib ki, sadələşdirilmiş vergi dərəcəsi Bakı və Abşeron üçün 4%, regionlar üçün isə 2% müəyyənləşdirilsə, bu, kiçik və orta sahibkarlara ciddi stimul verə bilər.

Ekspert eyni zamanda hökumətin zamanında düzgün qərarlar qəbul etməməsinə də diqqət çəkib:

“2024-cü ilin əvvəlində bəzi kateqoriyalara aid kiçik sahibkarlar üçün vergi dərəcəsini 20%-ə qaldırdılar. Dəfələrlə xəbərdarlıq etdik ki, bu qərar problemlərə yol açacaq. Nəticədə elə həmin il ciddi çətinliklər yaşandı və 2025-ci ildə dərəcə yenidən 5%-ə endirildi. Lakin bu müddətdə zərər çəkən sahibkarların itkilərini kim ödəyəcək, bu barədə heç bir cavab yoxdur”.

Son xəbərlər
Digər xəbərlər