11 C
Baku
Wednesday, December 11, 2024

Şahbuz rayonunda yeni meyvə bağları salınıb

Muxtar respublikanın Şahbuz rayonunun Daylaqlı kəndi ərazisində yeni meyvə bağı salınıb.

2 hektar sahəni əhatə edən ərazi əvvəllər əkinəyararsız sahə olub. Az bir vaxtda bura texnikaların vasitəsilə hamarlanıb, əkinəyararlı hala gətirilib. Tinglər üçün çalalar qazılıb, üzvi gübrədən istifadə olunaraq əkinlər aparılıb. Əraziyə rayonun iqliminə uyğun 1800 ərik, badam, gilas, alma, gavalı tingləri əkilib.

Yaz aylarında rayon ərazisində 9,5 hektar yeni bağların salınması nəzərdə tutulub. Yaşıllaşdırma tədbirləri həftə ərzində də davam etdirilib. İməciliklərdə Badamlı qəsəbə yolunun kənarlarına 2400 meşə ağacı, 40 ardıc tingi əkilib. Badamlı Mineral Sular Zavodunun həyətində 1 hektar sahədə meyvə bağı salınıb. Həmçinin rayonun Nursu kəndində də 1,5 hektar sahədə yeni üzüm bağı salınıb. Yeni üzüm bağının salınması üçün Nursu kəndindəki yamac sahə seçilib. Əkin aparılmazdan əvvəl sahədə aqrotexniki tədbirlər görülüb. Ərazi təmizlənərək yararlı hala salınıb. Əkin zamanı yerli üzüm sortlarından olan ağ və qara kişmişi, xəlili, qara şanı və digər sortlardan istifadə olunub. Əkində üzvi gübrələrdən də istifadə olunaraq əraziyə 2 minə yaxın üzüm tənəyi basdırılıb.

Qeyd edək ki, əvvəllərdə Nursu kəndində yaxşı üzümçülük ənənələri olub. Burada həm süfrə, həm də texniki sortlar əkilib. Sakinlər üzümdən doşab, müxtəlif içkilər, mövüz, kişmiş hazırlayıblar. Kənd sakinləri bir zamanlar Şahbuz rayonunda fəaliyyət göstərən üzüm emalı zavoduna min tonlarla üzüm təhvil veriblər. Yeni salınan üzüm bağını kənd sakinləri qədim üzümçülük ənənələrinin bərpası kimi dəyərləndirir. Son dövrlərdə Şahbuz rayonunun ərazisində 10 hektara yaxın sahədə yeni üzüm bağı salınıb.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər