7 C
Baku
Sunday, December 15, 2024

Sahibə Qafarova Valentina Matviyenkoya Gəncəyə raket atılması barədə məlumat verdi

Milli Məclisin Sədri Sahibə Qafarova ilə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko arasında telefon danışığı olub.

Bu barədə Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Telefon danışığı zamanı Sahibə Qafarova bölgədəki son gərginliklə bağlı, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə Federasiya Şurasının Sədrinə məlumat verib.

Bildirilib ki, oktyabrın 11-də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalıb və bu hücum nəticəsində 10 mülki şəxs həlak olub, o cümlədən aralarında azyaşlı uşaqlar da olmaqla, 30-dan çox vətəndaşımız yaralanıb. Vurğulanıb ki, Ermənistanın mülki əhalini və mülki obyektləri hədəfə alan bu hücumları müharibə cinayətidir və beynəlxalq hüququn, o cümlədən 1949-cu ildə qəbul olunmuş Cenevrə Konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir. Oktyabrın 10-da Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin Rusiyanın vasitəçiliyi ilə Moskvada keçirilən görüşündə humanitar atəşkəs barədə razılaşma əldə olunmasından sonra da Ermənistan tərəfinin mülki şəxsləri və mülki obyektləri qəsdən atəşə tutması Federasiya Şurasının Sədrinin diqqətinə çatdırılıb.

Milli Məclisin Sədri Ermənistanın Gəncə şəhəri ilə yanaşı, sənaye infrastrukturunun və Cənubi Qafqazın ən böyük elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərini və digər yaşayış məntəqələrini də ağır artilleriya, həmçinin raket atəşinə tutduğunu qeyd edib. Sahibə Qafarova hazırda regionda yaranmış gərgin vəziyyətə görə tam məsuliyyətin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərində olduğunu bildirib.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri Valentina Matviyenko yaranmış vəziyyətdən narahatlığını bildirib və atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıb.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər