Sabir maliyyə naziri Saleh Məmmədov bank sistemi barədə fikirləri ilə bölüşmüşdür.
İlk növbədə, daxili ehtiyatlar səfərbərliyə alınmalı, uçot dərəcəsi Avropa ölkələri səviyyəsinə endirilməli, rezerv normaları minimuma salınmalı, manatın emissiyası bir qədər artırılmalı, büdcənin kəsiri xeyli artırılmalı, kredit faizləri 2-3 dəfə azaldılmalı; bunun üçün isə ölkənin kredit resursları ən azı bir neçə dəfə artırılmalıdır. Bir malın qiymətini bazarda aşağı salmaq üçün o malın istehsalını və uyğun olaraq, bazara təklifini artırmalısan. Əgər kredit faizini aşağı salmaq istəyirsənsə, kreditin təklif həcmini artırmalısan. Kreditin təklif həcmini isə həm daxili və həm də xarici mənbələr hesabına etmək olar.
Daxili mənbələr böyükdür, amma onların cəlb olunması üçün şərait o qədər münbit deyil. Ölkədə elə bir əmanət, sığorta, qarantiya sistemi qurulmalıdır ki, əhali, şirkətlər bankların qarşısında pul çıxartmaq üçün deyil, əmanətə pul qoymaq üçün növbəyə dursun. Son devalvasiyaya qədər yavaş – yavaş belə bir sistem formalaşırdı, amma 34%-lik devalvasiya (bəlkə də müəyyən qüvvələrin təxribatı nəticəsində) elə bir zərbə vurdu ki, qazandığımız – itkilərin 10%-i də eləmir. Siz təsəvvür edə bilərsinizmi ki, ABŞ, İsveçrə və ya Sinqapur (biz bu səviyyədə inkişaf etmək istəyirik) bir gecədə valyutasını öz əli ilə bu qədər ucuzlaşdıra idi; yaxud, tarixlərində belə şeyə yol verəydilər? Qətiyyən yox! Əgər yol versəydilər, bu gün ən uzağı Rusiya və Qazaxıstan səviyyəsində olardılar.
Rusiya, Qazaxıstan, Belarus və s. “gömrük ittifaqı” adı ilə özlərini elə bir cilova bağlayıblar ki, onlar məcburdurlar, “devalvasiya və inflyasiya yarışmasına” çıxsınlar. Eyni yarışma təcrübəsindən vahid rubl məkanında olanda biz də keçmişik. Amma indi biz müstəqil gömrük və valyuta sistemindəyik; orada baş verənlər bizim valyuta sisteminə ciddi təsir edə bilməz. Zənn edirəm, biz qətiyyən təkrar devalvasiyaya yol verə bilmərik; bunun üçün heç bir səbəb və şərait yoxdur, tam əksinə, milli valyutanın devalvasiyaya qədər olan etibarını bərpa etməliyik. Daxili mənbələri səfərbər etmək üçün həm də, dövlətin işə qarışması lazımdı, hökumət əmanətləri haqqında qanun qüvvəli qərar verilməli, hökumətin bütün resursları, o cümlədən, ekstra valyuta ehtiyatları (BVF-nin normativlərinə görə bizə 3 mlrd dollar valyuta rezervləri lazımdır, bizdə isə 45-50 mlrd dollardı) məqsədli təyinatı müəyyən edilməklə, böyük və etibarlı Azərbaycan banklarında yerləşdirilərək xəzinənin nəzarəti altında investisiyaların maliyyələşdirilməsinə yönəldilməlidir.
Xarici mənbələr ciddi və daha böyük rol oynaya bilər. Həm borc mənbəyi, həm əmanət və həm də investisiyalar kimi. Bir qanunauyğunluğu diqqətinizə çatdırmaq istəyirəm: dünya ölkələrinin borclanma məbləği iqtisadi inkişafı ilə düz mütənasib asılılıqdadı: Ümum Daxili Məhsulda (ÜDM) xarici borcların payı nə qədər çoxdursa, inkişafı bir o qədər yüksəkdir. ABŞ-ın 18 trilyon dollar xarici borcu var, bu da onların ümumi daxili məhsulu qədərdi, Böyük Britaniyanın xarici borcu onun ÜDM- dən 4 dəfə, Fransanınkı 2,2 dəfə, Niderlandınkı 3,2 dəfə, Sinqapurunku 4 dəfə çoxdur. Qısa olaraq, bütün inkişaf etmiş ölkələrdə belədir. Amma geridə qalmış ölkələrdə bu göstərici çox aşağıdı.
Məsələn, Nigeriyada 5%, İranda 4%, Haitidə 5% və s. Onlar xaricdən borc ala bilmirlər. Ölkəmizdə bu rəqəm 6-8% həcmindədi (cəmi xarici borclar – 4 milyard dollardı). Amma Azərbaycanda vəziyyət tamam başqa cürdür, həm inkişaf var, həm borc alma imkanları. Sadəcə özümüz səy göstərib borc ala bilərik. Borclanma imkanlarımız 100 milyard dolların üstündədir, yalnız bu imkandan istifadə etməklə, ölkədə neft – qazdan asılılıqdan xilas olmaq mümkündür.
Comments are closed.