Azərbaycan üçün dövlət borcunun çox olması nəinki iqtisadi, hətta siyasi müstəqilliyimizi də sual altına qoya bilər.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Prezident tərəfindən təsdiqlənən borc strategiyamız var: “Bizim üçün dövlət borcunun çox olması qəbuledilməzdir. Biz xarici borclanmaları da həyata keçiririk. Bu borclanmaları götürərkən bizim konkret hədəflərimiz və strategiyamız var. Bu gün də biz bu strategiyaya uyğun tədbirlərimizi həyata keçiririk. Əksər kredit reytinq agentlikləri Azərbaycana kredit verərkən ilk olaraq bizim borc vəziyyətimizi təhlil edir”.