“Samsung Electronics”in səhmləri mayın 13-də Seul birjasında keçirilən ticarət zamanı həmkarlar ittifaqı ilə danışıqların uğursuzluqla nəticələnməsi və tətil təhlükəsi fonunda 6,1% ucuzlaşıb. Bu barədə bazar məlumatlarına istinadən “Bloomberg” yazıb.
CNBC-nin məlumatına görə, “Samsung”un bazar kapitallaşması 99,1 trilyon von (66,2 milyard dollar) azalıb. Lakin Cənubi Koreyada ticarətin bağlanışına yaxın kotirovkalar yenidən yüksəlişə keçib və “Samsung” səhmləri 284 min von (190,5 dollar) səviyyəsində bağlanıb ki, bu da 1,8%-lik artım deməkdir.
“Samsung” süni intellekt sahəsindən əldə olunan gəlirlərlə bağlı bonus ödənişləri məsələsində həmkarlar ittifaqı ilə razılığa gələ bilməyib. İşçilər şirkətdən əməliyyat mənfəətinin 15%-ni bonuslara yönəltməyi, bonus ödənişlərinə qoyulan limitləri aradan qaldırmağı və bonusların hesablanma mexanizmini rəsmi şəkildə təsbit etməyi tələb edirlər.
“Samsung” rəhbərliyi isə əməliyyat mənfəətinin 10%-ni bonuslara ayırmağı və birdəfəlik kompensasiya paketi ödəməyi təklif edir. Şirkətin top-menecerləri hesab edirlər ki, həmkarlar ittifaqının tələbləri uzunmüddətli perspektivdə həyata keçirilməsi çətin olan şərtlərdir.
Həmkarlar ittifaqı mayın 21-dən başlaya biləcək 18 günlük tətil ilə hədələyib. Tətilə 41 mindən çox işçinin qoşulacağı gözlənilir. Tətil planı ilk dəfə aprelin 23-də keçirilən mitinqdə açıqlanıb. Həmkarlar ittifaqının proqnozuna görə, tətil nəticəsində Samsung təxminən 30 trilyon von (20 milyard dollar) zərər görə bilər.
“Bloomberg” qeyd edir ki, tətil çip istehsalında ciddi problemlərə səbəb ola bilər. “Samsung” hazırda yaddaş çipləri bazarında “SK Hynix” və “Micron Technology” ilə sərt rəqabət aparır.
Bundan əlavə, uzunmüddətli əmək mübahisəsi “Samsung”un yeni nəsil yarımkeçiricilərin hazırlanması üzrə fəaliyyətini çətinləşdirə bilər. Agentlik vurğulayır ki, şirkətin zavodlarında istehsalın dayanması qlobal texnologiya məhsulları tədarük zəncirinə mənfi təsir göstərə bilər.
“Samsung” ilə həmkarlar ittifaqı arasında danışıqlar Cənubi Koreyanın əmək münasibətləri üzrə tənzimləyici qurumlarının vasitəçiliyi ilə iki gün davam edib. Vasitəçilərin təklifini həmkarlar ittifaqı “geri addım” kimi qiymətləndirib.
“Samsung” nümayəndəsi bildirib ki, şirkət hadisələrin ən pis ssenari üzrə inkişafının qarşısını almaq üçün işi davam etdirəcək.
Cənubi Koreyanın maliyyə naziri Ku Yun Çhol “Samsung” və həmkarlar ittifaqını danışıqları davam etdirməyə çağırıb. O, dövlət dəstəyi vəd edərək bildirib ki, “tətilin qarşısı istənilən qiymətə alınmalıdır”.
“Samsung” eyni zamanda tətilə qarşı məhkəmə məhdudiyyətlərinin tətbiqinə çalışır. Şirkət tətil iştirakçılarının əsas obyektləri tutmasının qadağan edilməsini, təhlükəsizliyə cavabdeh əməkdaşların avadanlıqların zədələnməsinin qarşısını almaq üçün iş yerlərində qalmasının məcburi olmasını tələb edir.
Suvon məhkəməsi “Samsung”un müraciəti ilə bağlı qərarı mayın 20-də elan edəcək.







