Yaddaş çiplərinə yüksək tələbat bu sahənin ən böyük şirkətlərinin səhmlərini sürətlə bahalaşdırsa da, onların qiymətləndirilməsi multiplikatorlar baxımından daha ucuz görünməyə başlayıb.
Sandisk ilin əvvəlindən bəri təxminən 490% artaraq S&P 500-də ən yüksək gəlirlilik göstərən səhmə çevrilib. Micron Technology isə eyni dövrdə təxminən 160% bahalaşıb. Bununla yanaşı, hər iki şirkət forward multiplikatorlar baxımından daha cəlbedici olub: Sandisk-in forward P/E göstəricisi bir neçə ay əvvəlki 23x səviyyəsindən 9x-dən aşağı düşüb, Micron isə fevraldakı 12x-lə müqayisədə indi təxminən 8x mənfəətlə ticarət olunur.
Proqnozlar niyə artır?
Bu o demək ola bilər ki, bazar bu şirkətlərin mənfəətinin bundan sonra da kəskin artacağını gözləyir. Artım o qədər sürətli proqnozlaşdırılır ki, səhmlər ciddi bahalaşsa belə, onlar hələ də ümumi bazardan daha ucuz görünür. Hazırda geniş bazar forward mənfəətin təxminən 21 misli ilə qiymətləndirilir.
Son 12 ay ərzində Sandisk üçün 2027-ci il üzrə düzəldilmiş mənfəət gözləntiləri təxminən 2000%, Micron üçün isə 768% artıb. Yaddaş bazarındakı qıtlıq və süni intellekt infrastrukturu təchizatçılarından gələn güclü tələb şirkətlərə, xüsusilə yüksək sürətli yaddaş segmentində (HBM), qiymətləri artırmağa imkan verir.
Bokeh Capital Partners şirkətinin investisiya direktoru Kim Forrest deyir: “Hazırda bütün yüksək sürətli yaddaşı tələb və təklif balansına görə tamamilə ağlasığmaz qiymətlərlə satmaq mümkündür”. Micron Technology səhmlərinə yatırım edən Forrest əlavə edir ki, qiymətlərin bundan sonra da artmaq potensialı qalır.
Bazar belə hesab edir ki, süni intellekt infrastrukturu quruculuğu hələ yeni başlayır və yaddaşla məlumat saxlama sistemlərinə tələbat uzun illər yüksək qalacaq. Bu fikri əsaslandıran məqam odur ki, hiperskeylerlər kapital xərclərini artırdıqca yaddaşa ehtiyac da böyüməyə davam edir.
Tsikliklik riski
Gözardı etmək çətin olan risklər də var. Yaddaş bazarı yarımkeçirici sənayesinin ən tsiklik seqmentlərindən biri olaraq qalır. Tələb güclü olanda qiymətlər artır və şirkətlər istehsal güclərini sürətlə genişləndirirlər. Amma sifarişlər zəifləyən kimi təklif artıqlığı marjalara çox tez təzyiq göstərməyə başlayır.
İnvestorlar buna dair nümunəni uzaqda axtarmalı deyillər: 2022-ci ildə Micron Technology səhmləri perspektivlərin pisləşməsi səbəbindən dəyərinin təxminən yarısını itirmişdi. Cəmi bir il sonra isə yeni tələb dalğası ilə birlikdə yenidən bərpa olunmağa başladı.
Huntington National Bank-ın səhmlər üzrə strategiya direktoru Rendi Heyr deyir: “Yaddaş istehsalçılarını sabit mənfəət artımı göstərən şirkətlərlə eyni qiymətləndirmə yanaşması ilə dəyərləndirmək olmaz”. Onun sözlərinə görə, tarixi baxımdan bu cür səhmlərə giriş üçün ən yaxşı nöqtələr məhz multiplikatorların yüksək, mənfəətin isə zəif göründüyü vaxtlarda yaranır. Çünki bazar gələcək artım tsiklini əvvəlcədən qiymətə daxil etməyə başlayır.
Hazırda isə Heyr hesab edir ki, Micron Technology-də “asan qazanc” artıq əldə olunub və sektorun artım potensialı qalsa da, səhmlər daha dəyişkən ola bilər.
Başqa nə var?
Yaddaş sektorundakı bütün şirkətlərdə multiplikatorların azalması müşahidə olunmur. Məlumat saxlama sistemləri seqmentində işləyən və, məsələn, sərt disklər istehsal edən Seagate Technology və Western Digital hazırda forward mənfəətin təxminən 30 misli ilə ticarət olunur. Martın sonlarında bu göstərici təxminən 20x idi. Onların biznesi yaddaş çipləri istehsalı ilə müqayisədə daha az tsiklik hesab olunduğu üçün investorlar bu şirkətlərə daha yüksək qiymət verməyə hazırdırlar.






