8 C
Baku
Friday, December 13, 2024

“Saudi Aramco” gələn həftədən IPO-ya başlayır

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) noyabrda keçiriləcək.

 “The Financial Times” xəbər verir ki, “Saudi Aramco”nun IPO-sunun noyabrın 3-də keçirilməsi gözlənilir.

Qeyd edək ki, bu ayın ortalarında şirkət IPO-nu üçüncü rüb üzrə maliyyə göstəriciləri açıqlananadək təxirə saldığını açıqlayıb. Maliyyə nəticələri açıqlandıqdan sonra investorların şirkətə etimadının artacağı və kütləvi təklif iştirakçılarının sayının çoxalacağı gözlənilirdi.

“Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə iş aparılır. Şirkətin səhmlərinin 2 faizinin Səudiyyə Ərəbistanının “Tadawul” birjasında satışa çıxarılması planlaşdırır. 2020-2021-ci illərdə isə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlarda satışa çıxarılacaq.

Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Al Saud IPO-dan sonra “Aramco”nun dəyərinin 2 trilyon dollara çatacağını gözləyir. Bankların proqnozuna görə isə bu rəqəm 1,5 trilyon dollar olacaq.

Şirkətin səhmlərinin 5 faizini özəlləşdirərək 100 milyard dollar gəlir əldə edilməsi hədəflənir. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb. “Aramco” bazar payını artıracağı təqdirdə hazırda təxminən 900 milyard dollarla dünyanın ən dəyərli şirkəti olan “Apple” korporasiyasını geridə qoyması nəzərdə tutulur.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

Azərtac

Son xəbərlər
Digər xəbərlər