Rusiyanın ən böyük banklarından biri olan “Sber” bank məhsulları üçün “bənzərsiz qoxu” yaradacaq parfümer və ya evalyuator axtarışına başlayıb.
Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə bankın “Telegram” kanalında məlumat verilib.
İşçinin vəzifə öhdəliklərinə “müştərinin ideyasına uyğun olaraq qeyri-standart bir qoxu” yaratmaq, istehsalat brifinqi hazırlamaq və onun icrasına nəzarət etmək, habelə ətir bazarında yeni qoxunu tanıtmaqla “Sber” marketoloqlarına mütəxəssis dəstəyi göstərmək daxildir. Bank namizədin “SberAromat” xəttini inkişaf etdirməyə və bankçılıq, kino, musiqi, qida və ağıllı cihazlara həsr olunmuş ətir kompozisiyaları yaratmağa hazır olmalı olduğunu vurğulayır.
“Sber”in irəli sürdüyü əsas tələb üç illik iş təcrübəsi və eyni zamanda bu sahədə xüsusi təhsilin mövcudluğudur. Bundan əlavə, namizəd “problemi hərtərəfli görə bilməli və xırdalıqları görməməzliyə vurmamalıdır”.