Almaniyanın “Sennheiser” şirkəti qulaqlıqlar daxil olmaqla istehlak məhsulları biznesini kütləvi bazara satıb.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Bildirildiyi kimi, alıcı İsveçrənin eşitmə cihazları istehsalçısı “Sonova” olub.
Qeyd edək ki, “Sennheiser” şirkətinin istehlak məhsulları bölməsində 600 nəfər çalışır və bu sahədə satışların həcmi ildə 250 milyon avro təşkil edir. Şirkət müqaviləni tamamlamaq üçün mövcud balansından pul xərcləyəcək. Tənzimləyicilərin təsdiqindən sonra əməliyyat 2021-ci ilin ikinci yarısında başa çatacaq.
“Sennheiser” istehlakçı biznesini inkişaf etdirmək üçün hələ 2021-ci ilin fevral ayında əməkdaşlıq edəcəyi şirkət axtarmağa başlayıb. İstehsalçının baş direktoru Daniel Sennheiser firmanın bütün sahələrində inkişaf üçün potensial gördüyünü, lakin bütün diqqətini digər bölmələrə yönəltmək istədiyini söyləyib.
Tərəflər arasında bağlanan müqavilə “Sennheiser” brendi altında məhsul istehsal etməyə imkan verəcək. İsveçrə şirkəti audiocihazların həm tərtibatı, həm də istehsalı ilə məşğul olacaq.
“Sennheiser” 1945-ci ildə qurulub. Şirkət dünyanın aparıcı qulaqlıq, mikrofon və simsiz siqnal ötürmə sistemləri istehsalçılarından biridir. Bu gün “Sennheiser” Almaniya, Rumıniya, İrlandiya və ABŞ daxil olmaqla 50-dən çox ölkədə fəaliyyət göstərir.
Müqavilədən sonra şirkət digər üç sahədə fəaliyyət göstərəcək: “Pro Audio”, “Business Communication” və “Neumann” mikrofonları. 2019-cu ildə “Sennheiser”in istehlakçı biznesinin payı 52% təşkil edib. Eyni ildə peşəkar texnika seqmenti şirkətə 363 milyon dollar gəlir gətirib (artım 9.2% təşkil edib).