2024-2026-cı illərdə Serbiya Azərbaycandan illik 400 milyon kubmetrədək qaz alacaq, 2027-ci ildən etibarən tədarükün həcmi 1 milyard kubmetrədək artacaq. Bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç bəyan edib.
Serbiya Mədən və Energetika Nazirliyinin saytındakı məlumata görə, nazirin sözlərinə əsasən, Azərbaycanla qaz nəqli üçün bütün məsələlər artıq həll olunub.
Xəbər verildiyi kimi, 15 noyabr 2023-cü ildə Bakıda SOCAR və “Srbijagas” arasında 2024-cü ildə Serbiyaya 400 milyon kubmetrə qədər qazın nəqli haqqında müqavilə bağlanıb
Bununla Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% – 22.3 milyard kubmetrə qədər artırıb. Avropaya 11.4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24.5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.
Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır. 2023-cü ilin sonunadək Macarıstana qaz tədarükünə başlanılacaq.
Bundan başqa, Türkiyə və Gürcüstan da Azərbaycan qazının alıcılarıdır.