15 C
Baku
Thursday, March 28, 2024

Sığorta şirkətlərinə rəqib müştərək şirkətlər yaradılmalıdır – TƏKLİF

“Azərbaycanda müştərək sığorta növlərinin və bu növ sığorta üzrə xidmət göstərəcək sığorta şirkətlərinin yaradılmasına ehtiyac yaranıb”.

Banker.az xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycanda yalnız kommersiya sığorta şirkətləri və sığorta növü mövcuddur. Mövcud qayda ilə sığorta şirkətləri topladığı sığorta yığımlarına birbaşa mənfəət kimi baxır və ödəniş etməkdə maraqlı olmur. Nəticədə ödənişlərlə bağlı şikayətlər getdikcə artır və vətəndaşların sığortaya marağı azalır:“Sığortalı əgər sahibkardırsa, mübarizə aparır və sığorta ödənişini alır. Sadəcə vətəndaşın isə buna gücü çatmır”.

Əkrəm Həsənov bildirib ki, müştərək sığorta modelində yanaşma fərqlidir. Sığorta şirkətinə yığılan vəsaitin müəyyən həcmində marja ayrılır. Ödənişin qalan hissəsi isə yaradılan Fonda toplanılır və öhdəliklərin icrasına yönəldilir: “Hansısa sığorta şirkəti elan edir ki, biz müştərək sığorta şirkətiyik, bir neçə sığorta növlərinin məhsullarını təklif edirik, o cümlədən avtomobil və ya əmlak sığortası. Vətəndaşlar da müəyyən haqq ödəməklə avtomobillərini müştərək sığorta şirkətində sığortalayırlar. Orada müəyyən fond yaradılır, ödədiyimiz vəsait ora yerləşdirilir və əvvəlcədən də sığorta şirkəti elan edir ki, məsələn, qoyulan pulun 10-15 faizi şirkətindir, qalanı isə sığorta hadisələrinə xərclənəcək. Əgər bir il ərzində 1000 vətəndaşın hər biri 100 manat ödəniş etsə, fondda 100 000 manat toplanır. Sığorta şirkəti isə həmin məbləğin 15 faizini, yəni 15 min manatını xidmət haqqı kimi özünə götürür. Fondda isə 85 min manat pul alır. Əgər həmin 1000 vətəndaşın avtomobilində hansısa sığorta hadisə baş verərsə, şirkət fondda qalan həmin məbləği onlara xərcləməlidir. Ancaq sonda qalan vəsait il ərzində sığorta hadisəsi baş verməyən vətəndaşlar arasında bölüşdürülür. Yəni ödədiyimiz məbləğ bizə qaytarılır. Belə olan halda şirkətin sığorta hadisəsini tanımayıb vəsaiti ödəməmək kimi marağı yoxdur. Çünki fondda pul qalsa belə, bu, şirkətə çatmayacaq, vətəndaşa geri qaytarılacaq”.

Əkrəm Həsənov qeyd edib ki, inkişaf etmiş ölkələrdə kommersiya sığorta növləri ilə yanaşı, müştərək sığorta da tətbiq edilir. Azərbaycanda da bu sığorta növünün tətbiqi faydalı ola, sığorta şirkətləri arasında tələbkarlığı artıra və rəqabəti gücləndirə bilər.
Amma ölkədə bu tipli sığorta şirkətlərinin fəaliyyəti üçün əvvəlcə “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklər edilməlidir. Hazırda qanunvericilikdə bu sahədə boşluqlar mövcuddur. O deyib ki, məsələ ilə bağlı bu sahədə tənzimləyici orqan olan Azərbaycan Mərkəzi Bankına məktub da ünvanlayıb, amma məsələyə hər hansı reaksiya verilməyib.
Bununla belə, Əkrəm Həsənov əlavə edib ki, müştərək sığorta şirkətlərinin fəaliyyətinə icazə verilərsə, belə bir sığorta şirkəti yaratmaq və ona rəhbərlik etmək niyyətindədir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər