2014-cü ildə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə (DSNX) 717 şikayət daxil olub.
Bu barədə bu gün keçirilmiş mətbuat konfransında DSNX-nin şöbə rəisi Mahir Abdullayev məlumat verib.
M. Abdullayev bildirib ki, bu şikayətlərdən 46-sı təkrar olub. “Şikayətlərin 684-ü icraya yönəldilib, qalan 33-ü isə hazırda icra olunur. 123 şikayət əsaslı hesab edilib və həmin şikayətlər üzrə 367 min manat ödəniş təmin olunub. 439 şikayət isə əsassız olub. 121 şikayət üzrə isə vətəndaşlara məhkəməyə müraciət etmək tövsiyə olunub”.
Şöbə rəisi bildirib ki, şikayətlər əsasən kasko sığortası ilə bağlıdır. Belə ki, sığortalılar sığorta şirkətini sığorta hadisəsi barədə vaxtında məlumatlandırmadığı üçün, eləcə də avtomobili başqa şəxslər idarə etdiyi üçün ödənişdən imtina olunur.
Onun sözlərinə görə, sığorta şirkətlərinin fəaliyyətinə nəzarət gücləndirilib. 2014-cü il ərzində Maliyyə Nazirliyi tərəfindən 11 sığorta şirkətində yoxlamalar həyata keçirilib: “Bu yoxlamaların nəticəsi üzrə 10 sığorta şirkətinə təqdimatlar göndərilib. Həmin təqdimatlarda yoxlama zamanı aşkarlanmış pozuntu hallarının, nöqsanların aradan qaldırılması üçün rəsmi göstərişlər verilib. Aşkar olunan pozuntu hallarına görə sığorta şirkətlərinin 22 rəhbər işçisi barəsində inzibati tədbirlər görülüb və ümumilikdə onlar 5850 manat məbləğində cərimə olunub”.
Yeri gəlmişkən, Azərbaycanda sığorta şirkətlərindən narazı qalan sığortalıların şikayətlərini ictimailəşdirmələri üçün xüsusi sayt yaradılacaq. M. Abdullayevin sözlərinə görə, bu təcrübə başqa ölkələrdə də var: “Məsələn, mən bu yaxınlarda Rusiyada bu istiqamətdə fəaliyyət göstərən saytlardan biri ilə tanış oldum. Hər bir kəs sığorta şirkəti ilə qarşılaşdığı problemi həmin sayt vasitəsilə elan edə bilir. Təbii ki, minlərlə insan həmin şikayəti oxuyur və ictimai aşkarlığa səbəb olur. Bundan sonra sığorta şirkəti, onun barəsində yazılan məlumatı təkzib etmək ya da şikayəti təmin etmək məcburiyyətində qalır. Bu da nəticədə sığorta şirkətlərinin məsuliyyətli olmalarına gətirib çıxardır”.
APA.az