26 C
Baku
Sunday, April 28, 2024

Sığortada sual yaradan hallar

Bu yazıda sığorta vasitəçilərini, müştəriləri və təlim iştirakçılarını maraqlandıran çoxsaylı suallardan bir neçəsinin cavabını diqqətinizə çatdırıram. Suallar sığortada mübahisəli hallara aid olduğundan, qeyd olunan cavabların əksər oxucular üçün əhəmiyyətli olacağına inanırıq.

  • Sığorta hadisəsi nəticəsində avtomobilimə dəyən zərərin ödənilməsi üçün sığorta tələbi ilə sığortaçıya müraciət etmişəm. Sığortaçı mənim iddiamı müsbət həll etməmiş və mənə rəsmi rədd cavabı vermişdir. Mən bundan sonra hansı qaydada və hansı ardıcıllıqla şikayət və ya etiraz edə bilərəm?

Bu, sığorta bazarının ən çox diqqət çəkən problemlərindən olduğuna görə geniş izahata ehtiyac vardır. Sığortanın ümumi prinsipləri baxımından və müvafiq qanunvericilik tələblərindən çıxış edərək, Siz, aşağıdakı qaydada probleminizin həlli istiqamətində addımlar ata bilərsiniz:
1. Əgər sözü gedən sığorta müqaviləsi sığorta brokerinin vasitəçiliyi ilə bağlanmışdırsa, brokeriniz sizin vəkiliniz qismində çıxış edə və iddianızın təmin edilməsində iştirak edə bilər.
2. Bu alınmadıqda, Siz, növbəti addım olaraq birbaşa sığortaçınızın İH-nin müvafiq Xidmətinə müraciət etməli və öz haqlı tələbinizi irəli sürməlisiniz. Unutmayın ki, özünə hörmət edən sığortaçı üçün müştəri məmnuniyyətini qazanmaq prioritet məsələdir.
3. Növbəti addım olaraq, Siz, məhkəməyəqədərki mərhələdə mediasiya təşkilatının aidiyyatı mediatoruna müraciət edə bilərsiniz. Bildiyiniz kimi, 29 mart 2019-cu ildə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Siz müraciət etdiyiniz mediasiya təşkilatının Mediasiya Şurasında reyestrə daxil edilməsinə diqqət yetirməlisiniz. İnkişaf etmiş ölkələrdə sığorta ombutsmanı institutu da fəaliyyət göstərir. Ölkəmizdə sığorta ombutsmanı xidməti olmadığına görə, indiki halda kommersiya məsələlərinə baxan mediatorların xidmətindən yararlanmaq olar. Təbiidir ki, iddianın səviyyəsindən asılı olaraq, mediatorlara xidmət haqqı ödənilməlidir.

4. Nəhayət bunlarla da “dərdinizə çarə” tapılmasa, son mərhələdə Siz, müvafiq məhkəməyə şikayət edə bilərsiniz. Bu halda sığortaçının ödənişdən rəsmi imtina məktubunu şikayət ərizəsinə əlavə etməlisiniz. Sonuncular vaxt itkisi, komissiya və ya rüsum məsrəfləri tələb etdiyinə görə, Siz, qətiyyətli mövqe nümayiş etdirərək, problemlərinizi sığortaçının özü ilə
birbaşa həll etməyə çalışmalısınız.

  • Qüvvədə olan elektron sığorta müqaviləsində zəruri dəyişiklikləri necə aparmaq olar?

Avtoməsuliyyət sığortası üzrə müqavilədə dəyişiklik etmək zərurəti yarandıqda, aidiyyatı sığorta şirkətinin ofisinə müvafiq ərizə ilə müraciət etmək olar. Sığorta şirkətlərinin kontakt məlumatları müqavilənin önündə, onun preambula hissəsində verilir.

  • Aqrar sığortada əkin sahələrinin natamam (qismən) sığortasını tətbiq etmək olarmı?

“Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 27 iyun 2019-cu il tarixli Qanununa əsasən kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları aqrar sığortanın predmetlərindən sayılır. Təbiidir ki, həmin məhsullar aqrar sahibkara məxsus əkin sahələrində becərilir. Əkin sahələrinin qismən sığortalanması isə sözü gedən qanunvericilikdə nəzərdə tutulmamışdır. Özəlliklə də, məsələn, meyvə və ya bostan sahəsi eyni ərazidə yerləşirsə, onu qəti surətdə natamam sığorta prinsipi ilə sığortalamaq olmaz. Fərz edək ki, sahibkar eyni bir yerdə yerləşən 10 hektarlıq çiyələk sahəsinin 5 hektarını sığortalayır. Gələcəkdə sığorta hadisəsi baş verdikdə, sahənin məhz hansı hissəsinin sığorta təminatına alındığını müəyyən etmək və ya zərər çəkdiyini dəqiqləşdirmək, təsəvvür edirsinizmi, necə problem yarada bilər?! Lakin fərz edək ki, sahibkara məxsus əkin sahəsi üç fərqli məkanda yerləşir. Belə olan halda onların hər birini ayrı-ayrılıqda sığortalamaq olar. Bunu isə, biz, artıq natamam sığorta adlandıra bilmərik.

  • Hüququ şəxsə məxsus avtomobili idarə edən sürücü Yaşıl Kart sığorta müqaviləsi ilə sığorta təminatı almış və Avropa ölkələrindən birində 3-cü şəxsin avtomobilinə zərər vurmuşdur. Bu halda sığorta hadisəsi necə tənzim edilməlidir?

Bu cür hallarda iddianı təmin etmək üçün hadisə baş vermiş ölkədə fəaliyyət göstərən müstəqil zərər tənzimləyicilərinin xidmətindən (loss adjuster) istifadə oluna bilər. Lakin bəzən zərər az olduqda, loss adjusteri cəlb etmək maliyyə baxımından sərfəli olmur. Belə ki, ona, sığorta hadisəsinin hansı ölkədə baş verməsindən asılı olaraq, bəlli məbləğdə ödəniş etmək lazımdır (əksər hallarda bu məbləğ 2000 avrodan az olmur).

Bu halda sürücü hadisənin baş verdiyi ölkənin Yaşıl Kart üzrə tənzimləyici bürosuna müraciət etməlidir (Üzv ölkələrin əlaqədar təşkilatlarının siyahısı və əlaqə vasitələri Yaşıl Kart sığorta müqavilərində verilir). Büro öz ekspertini hadisə yerinə göndərir və 3-cü tərəfə dəyən zərəri qiymətləndirir.

Sürücü isə prosesi asanlaşdırmaq üçün lazım gələrsə, zərər obyektinin şəklini çəkə və ekspertə təqdim edə bilər. O ki, qaldı, dəymiş zərərin hansı ölkənin qanunvericiliyinə əsasən tənzim edilməsinə və ya hansı məbləğdə ödənilməsinə, bu barədə “İcbari sığortalar haqqında” AR-nin Qanununda müvafiq müddəa vardır: “63–2.5. Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş və qüvvədə olan Azərbaycan Yaşıl Kartına malik avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən Yaşıl Kart Sisteminin tətbiq edildiyi digər ölkədə vurulan zərər üçün sığorta məbləğləri kimi həmin ölkənin qanunlarına uyğun olaraq müəyyən edilmiş sığorta məbləğlərinin və bu Qanunun 56.1-ci maddəsində nəzərdə tutulmuş sığorta məbləğlərinin böyük olanı götürülür”.

  • Yol-nəqliyyat hadisəsinin hər iki iştirakçısı təqsirkar olduğu halda sığorta ödənişi necə verilir?

Fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılır. Fiziki şəxsin təqsirinin dərəcəsi Dövlət Yol Polisi tərəfindən müəyyənləşdirilir.

Məsələn, hadisənin törədilməsində tərəflərdən birinin təqsiri 40%-dir. Deməli, həmin şəxsə 3000 manatadək, təqsirinin dərəcəsi 60% olan şəxsə isə 2000 manatadək sığorta ödənişi verilməlidir.

  • İcbari avtoməsuliyyət sığortası üzrə müqavilənin mövcudluğunu necə yoxlamaq olar?

Öncə internet resurslarına çıxış əldə edir və həmin bu sualı yığırsınız. Bundan sonra avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını və ya icbari sığorta müqaviləsinin nömrəsini müvafiq xanaya daxil etməli və “yoxla” düyməsini sıxmalısınız. Bu yolla Siz, icbari avtoməsuliyyət sığortası müqaviləsinin qüvvədə olub-olmamasını öyrənə biləcəksiniz.

  • Sığorta hadisəsi baş verdikdə, sərnişin kimi sürücünün yanında əyləşən şəxsə icbari avtoməsuliyyət sığortasına görə sığorta ödənişi düşürmü?

Əgər həmin sərnişin müvafiq qanunvericiliyə görə 3-cü şəxs sayılırsa, sağlamlığına dəyən zərərə görə ona sığorta ödənişi verilməlidir. Bu zaman sığortalının ailə üzvləri istisna olunur. Müvafiq icbari sığorta qanunvericiliyinə görə “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər