Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli, 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın 5.4.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Könüllülük Məktəbi” və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə təşkilatçılığı ilə “Sığorta könüllüləri layihəsi (2019-2021-ci illər)” çərçivəsində reallaşdırılan “Sığortalı gələcək” təşviqat proqramı həyata keçirilir.
Proqram “ASAN xidmət” mərkəzlərində müddətli fəaliyyət göstərən könüllülərin sığorta sferasında təcrübə qazanmasını, sığorta mövzuları üzrə praktiki bacarıqlara yiyələnməsini və vətəndaşların bu sahədə maarifləndirilməsini nəzərdə tutur.
Proqramda iştirak etmək hüququ qazanmış könüllülər ilk mərhələdə sığorta mütəxəssisləri və Agentliyin təlimçiləri tərəfindən keçirilən 2 həftəlik təlim kursunda iştirak edir, sonrakı mərhələdə isə Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərirlər. Könüllülərin fəaliyyət istiqamətləri əsasən sığorta sahəsində əhalinin maarifləndirilməsi, sığortaya ictimai marağın artırılması və insanlar arasında sığorta üzrə sorğuların keçirilməsidir.
Bu günə qədər proqram çərçivəsində 2 qrup olmaqla 80-dən çox ASAN könüllüsü tərəfindən 16 000-dən çox sorğu götürülmüş və vətəndaşlar məlumatlandırılmışdır. “Sığortalı gələcək” təşviqat proqramının iştirakçısı olan ASAN könüllülərinə sertifikatlar təqdim olunmuşdur.
Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü ilə “Sığorta könüllüləri layihəsi” üzrə növbəti qruplar cari ildə Bakı şəhəri ilə yanaşı regionlarda da fəaliyyət göstərəcəkdir.