-1 C
Baku
Sunday, December 15, 2024

Şirkət Azərbaycanda bu ildən qızıl axtarışına da çıxır

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti bu ildən başlayaraq geoloji kəşfiyyat proqramı həyata keçirməyi planlaşdırır.

Bu il proqrama daxili vəsaitlər hesabına təxminən 6 mln. ABŞ dolları xərclənməsi nəzərdə tutulub.

Ümumilikdə, bu ildən başlayan geoloji kəşfiyyat proqramı üç illik müddəti əhatə edəcək. Proqramın bir hissəsi olaraq 3 qazma qurğusunun alınması nəzərdə tutulur. Qazma qurğularına ümumilikdə 1,5 mln. dollar xərclənməsi planlaşdırılır.

Üç illik proqramda Gədəbəy ərazisinin tamamilə öyrənilməsi, “Qoşa” (Tovuz) və Ordubad sahələrinin gələcək ehtiyatlarının qiymətləndirilməsi nəzərdə tutulur. Gədəbəy müqavilə sahəsində geoloji qiymətləndirmə müxtəlif metodlardan istifadə olunmaqla aparılacaq.

Bu il geoloji kəşfiyyat çərçivəsində ümumilikdə təxminən 43 500 metr yerüstü və yeraltı qazma işlərinin aparılması planlaşdırılır. 2018-ci ildə “Gədəbəy” əsas açıq mədənində 2 500 metr özək və 7 500 metr tərs dövriyyə qazma işlərinin aparılması nəzərdə tutulur.

“Qadir” yeraltı mədənində yerüstü və yeraltı qazma işlərinin aparılması gözlənilir. Bu mədəndə və onunla “Gədəbəy” arasında ümumilikdə 7 500 metr qazma işlərinin aparılması nəzərdə tutulur.

Yeni kəşf olunan “Uğur” yatağında bu il 4 500 metr özək və 4 500 metr tərs dövriyyə qazma işləri aparılacaq.

“Qoşa” mədənində 3 min metr qazma işlərinin aparılması nəzərdə tutulur.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində də hasilatla məşğuldur.

“Uğur” yatağının kəşfi barədə 2016-cı ilin oktyabrında məlumat yayılıb. Yataq “Anglo-Asian Mining”in Qələviləşdirmə Zavodundan 3 km şimal-qərbdə yerləşir.

Son xəbərlər
Digər xəbərlər