“Azərbaycanın tranzit ölkəyə çevrilməsi birmənalı olaraq həm ölkənin əhəmiyyətinin, həm də büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq”.
Bu sözləri açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Türkiyənin Azərbaycan üzərindən yükdaşımaları artırmaqla bağlı gələcək planına münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, Azərbaycan üçün qeyri-neft sektorundan gəlirlərin əldə olunması olduqca vacibdir:
“Türkiyənin Azərbaycan üzərindən öz məhsullarını nəql etməsi ölkənin gəlirlərinin artmasına gətirib çıxaracaq. Həmçinin layihə ölkəmizin regionda mövqeyinin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir”.
Xəzər dənizi üzərindən Ələt limanı vasitəsilə tranzit əməkdaşlığını və məsələnin siyasi aspektdən əhəmiyyətini şərh edən politoloq Fərhad Mehdiyev isə bildirib ki, məsələnin siyasi dividentləri daha çox Türkiyə üçün önəmlidir:
“Türkiyə və İran arasındakı münasibətlər müxtəlif səbəblərdən pisləşib və bu, son vaxtlar özünü tranzit nəqliyyatında göstərir. Tranzit yolunun Azərbaycan üzərindən keçirilməsi isə Türkiyənin İrandan asılılığını azaldacaq. Bu, Bakıdan daha çox, Ankaraya əlavə siyasi divident gətirəcək. Çünki Bakının Ankara ilə münasibətləri onsuz da yüksək səviyyədədir”.
Politoloqun sözlərinə görə, tranzit TIR-ların ölkəyə ödədiyi müəyyən qədər rüsumlar var və 1975 tarixli TIR müqaviləsinə görə, bunlar cüzi ödənişlər olduğundan, Azərbaycan kimi yüksək büdcəli ölkəyə bunun xüsusi xeyiri olmayacaq:
“Yükləmələr Xəzər dənizi üzərindən Ələt və yaxud da başqa bir limana gətiriləcək. Burdan da quru yolu vasitəsilə Azərbaycan-Gürcüstan üzərindən Türkiyəyə aparılacaq və tərsinə. Dəniz nəqliyyatı adətən ucuzdur. Məsələnin iqtisadi tərəfinə gəldikdə isə daşınan malların həcmi əsas rol oynayır. Malların tranzit keçidi üçün gömrük vergisi ödənilməyəcək. Nəqliyyatçıların otel, yemək kimi əlavə xərcləri var ki, bunun da ölkə iqtisadiyyatına ciddi bəhrəsi olmayacaq. Digər tərəfdən, ölkədən keçən ağır yüklü maşınların sayı artacağına görə yollardan istifadə edildikdə yol infranstrukturunun zərər görməməsini nəzərə almaq olduqca vacibdir. Hətta lazım gəldikdə yollar genişləndirilməlidir. Burada daşınan malların həcmi əsas rol oynayır. Bu səbəblə tranzit vasitələrdən müəyyən yol vergisinin alınması məqsədə uyğundur. Başqa sözlə desək, Azərbaycan bu məsələdə siyasi dividentdən daha çox, öz xeyirini götürməlidir”.
Xatırladaq ki, son zamanlar türkiyəli nəqliyyatçılar İran gömrüyündə böyük problemlərlə qarşılaşırlar və bu üzdən də yeni alternativ yollar axtarmağa başlayıblar. Bunun üçün də Türkiyə Azərbaycan üzərindən avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmini artıraraq, Ələt limanı vasitəsi ilə daşınan yükləri ildə 2 min avtomobildən 25 minə çatdırmağı planlaşdırır.
Axar.az