15 C
Baku
Sunday, April 27, 2025

Siyasi intriqalar, yoxsa elmi fantastika? Çində görkəmli alimlər müəmmalı şəkildə vəfat edir

Çində bir-birinin ardınca görkəmli alimlərin müəmmalı şəkildə vəfat etməsi dünya ictimaiyyətində rezonansa səbəb olub. Son illərdə süni intellekt və neyron şəbəkələri sahəsində qabaqcıl tədqiqatlarla məşğul olan bir neçə çinli alim müəmmalı və vaxtsız şəkildə dünyasını dəyişib. Bu faktlara diqqət çəkən jurnalistlər və ekspertlər artıq bu ölümlərin arxasında sui-qəsd nəzəriyyələri qurur və onların ölümünü ABŞ-ın Çinin texnologiya sahəsinə təzyiqləri ilə əlaqələndirirlər.

Bu müəmmalı ölümlərə South China Morning Post (SCMP) qəzetinin jurnalistləri diqqət çəkib.

2022-ci ildən bəri Çində hərbi tədqiqatlar, tibb və süni intellekt kimi strateji əhəmiyyətli sahələrlə bağlı olan azı beş mütəxəssis müəmmalı şəraitdə vəfat edib. Bu sahələr Çin hökumətinin xüsusi nəzarətindədir.

Qəzet aşağıdakı alimlərin adlarını çəkir:

  • Sun Cian – Pekində yerləşən Megvii Technology şirkətinin əməkdaşı. Kompüter görməsi və təsvir tanıma proqram təminatının hazırlanması üzrə tanınmış mütəxəssis 2022-ci ildə, cəmi 45 yaşında, naməlum bir xəstəlikdən qəfil dünyasını dəyişib. O, beynəlxalq səviyyədə tanınırdı və MIT Technology Review tərəfindən dünyanın ən yaxşı gənc alimləri siyahısına daxil edilmişdi.
  • Fen Yanxe – Müdafiə sahəsində süni intellekt üzrə mütəxəssis. 2023-cü ildə, 38 yaşında, “tapşırığı yerinə yetirərkən” vəfat edib (bu, rəsmi nekroloqda belə göstərilib). Onun tədqiqatları hərbi simulyasiya oyunları və süni intellekt vasitəsilə planlaşdırma ilə bağlı olub. Onun ölüm şəraiti və yerinə yetirdiyi “tapşırıq” haqda məlumat verilməyib.
  • Tan Syaou – Çin Universitetinin professoru, süni intellekt üzrə mütəxəssis və SenseTime texnologiya nəhənginin təsisçisi. 2023-cü ildə, 55 yaşında, daha bir “naməlum və qəfil xəstəlikdən” vəfat edib.
  • He Çji – Yidu Tech şirkətinin təsisçisi və baş innovasiya direktoru. O, 2024-cü ildə 41 yaşında dünyasını dəyişib. Ölüm səbəbi açıqlanmayıb.
  • Çüan Yühuey – maşın görməsi sahəsində mütəxəssis, Cənubi Çin Texnologiya Universitetinin Kompüter Elmləri Məktəbinin dosenti. 2025-ci ildə, 41 yaşında vəfat edib. Onun ölüm səbəbi də ictimaiyyətə açıqlanmayıb.

Bu gənc və əksəriyyəti sağlam olan, strateji sahələrdə çalışan alimlərin ard-arda vəfat etməsi tədqiqatçılar arasında şübhə doğurub. Bəziləri hesab edir ki, bu ölümlərin hamısı təbii səbəblərlə əlaqəli olmaya bilər.

SCMP-yə açıqlama verən ekspertlər vəziyyətlə bağlı narahatlıqlarını bildiriblər. Onların fikrincə, son aylarda ABŞ və Çin arasında ticarət müharibəsinin qızışması fonunda bu ölümlər texnoloji sektora təzyiq vasitəsi kimi görünə bilər.

Yüksək texnologiyalar üzrə mütəxəssis Lyu Şaosan bildirib ki, süni intellekt tədqiqatçıları cəmiyyət və dövlət üçün dəyərli olsalar da, yüksək maaş alsalar da, güclü mənəvi təzyiqlə üz-üzədirlər və bu, onların taleyinə təsir edə bilər.

“Sektor çox sürətlə inkişaf edir və rəqabət son dərəcə sərtdir, – deyə Lyu qeyd edir. – Üstəlik, insanları cəmiyyətdə baş verəcək böyük və qeyri-müəyyən dəyişikliklərin potensialı qorxudur”.

Burada ticarət müharibələrinin rolu nədir?

Çin hökuməti bu elm xadimlərinin ölüm səbəbləri barədə detallı məlumat verməkdən çəkinir. Onsuz da Çin texnologiya sektoru ABŞ-ın son illərdə tətbiq etdiyi inkişaf məhdudiyyətləri səbəbindən çətin dövr yaşayır.

2025-ci ilin mart ayının sonunda ABŞ hökuməti süni intellekt və qabaqcıl texnologiyaların hazırlanması ilə məşğul olan onlarla Çin şirkətini ixrac qara siyahısına salıb. İndi amerikalı şirkətlər bu şirkətlərə məhsul satmaq üçün xüsusi hökumət icazəsi almalıdır.

ABŞ Ticarət Nazirliyi bildirib ki, bu sanksiyalar milli təhlükəsizlik maraqlarına zidd hərəkətlərə görə tətbiq olunub. Qara siyahıya düşən şirkətlər qabaqcıl süni intellekt, superkompüter və hərbi məqsədlər üçün yüksək performanslı AI çiplərinin ABŞ texnologiyası əsasında hazırlanmasında ittiham olunurlar.

Yeni qadağalarla ABŞ Pekinin eksaflops hesablamaları, yəni çox böyük məlumatların yüksək sürətlə emalı və kvant texnologiyalarına çıxışını məhdudlaşdırmaq istəyir.

Çin texnologiyalarının ABŞ-a ixracı məsələsi isə daha sadə həll olunub: aprel ayının əvvəlində ABŞ bütün Çin mallarına tətbiq olunan gömrük rüsumlarını 145%-ə qədər artırıb.

 

Son xəbərlər
Digər xəbərlər