“SK Hynix” 25 ildən sonra ilk dəfə bazar kapitallaşmasına görə “Samsung”u geridə qoyub

Yarımkeçirici istehsalçısı “SK Hynix” bazar kapitallaşmasına görə “Samsung Electronics” şirkətini geridə qoyub. Beləliklə, “Samsung” 25 ildən sonra ilk dəfə bu göstərici üzrə liderliyini itirib. Bu barədə “Yonhap” agentliyi Cənubi Koreya birjasının məlumatlarına istinadən xəbər verib.

Yerli vaxtla saat 12:42-yə olan məlumata görə, “SK Hynix”in bazar kapitallaşması 2,091 trilyon von (təxminən 1,36 trilyon dollar), “Samsung Electronics”in bazar dəyəri isə 2,090 trilyon von təşkil edib.

“Samsung Electronics” ilk dəfə 1999-cu ildə KOSPI indeksində lider mövqeyə yüksəlib və 2000-ci ilin noyabrından etibarən Cənubi Koreya fond bazarında kapitallaşmaya görə birinci yeri qoruyub saxlayırdı. Bununla belə, imtiyazlı səhmlər də nəzərə alındıqda “Samsung”un ümumi bazar dəyəri hələ də “SK Hynix”dən yüksəkdir.

Ekspertlərin fikrincə, “SK Hynix”in sürətli yüksəlişi süni intellekt sektorundakı bumla bağlıdır. Şirkətin səhmlərinin dəyəri ilin əvvəlindən 342% artdığı halda, “Samsung Electronics”in artımı təxminən 198% olub.

Hər iki şirkət yarımkeçiricilər istehsal etsə də, “Samsung Electronics” daha geniş fəaliyyət sahəsinə malikdir və smartfonlar, məişət texnikası və digər elektron məhsullar istehsal edir. Müşahidəçilər “Samsung” səhmlərinin nisbətən zəif artımını da bununla izah edirlər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər