Cənubi Koreyanın yarımkeçirici istehsalçısı SK Hynix Inc. ikinci rübdə (aprel–iyun) 93,92 trilyon von (64,6 milyard dollar) məbləğində rekord xalis mənfəət əldə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 dəfə (1 242,5%) çoxdur. Şirkətin rekord nəticəsinə süni intellekt tətbiqləri üçün yüksək ötürmə qabiliyyətli yaddaş (HBM) çiplərinə olan yüksək tələbat səbəb olub. Bu barədə Yonhap agentliyi məlumat yayıb.
Hesabat dövründə SK Hynix-in əməliyyat mənfəəti 6,5 dəfə artaraq 60,54 trilyon vona, gəlirləri isə 3,5 dəfə artaraq 79,31 trilyon vona çatıb. Əməliyyat rentabelliyi rekord həddə — 76%-ə yüksəlib (birinci rübdə 75% idi). Bu o deməkdir ki, şirkət hər 10 min von satışdan orta hesabla 7,6 min von əməliyyat mənfəəti əldə edir ki, bu da istehsal sektorunda olduqca nadir göstəricidir.
Əməliyyat marjasına görə SK Hynix artıq üçüncü rüb ardıcıl olaraq dünyanın ən böyük müqaviləli çip istehsalçısı olan Tayvanın TSMC şirkətini qabaqlayır. TSMC-nin ikinci rübdə əməliyyat marjası 60,3% təşkil edib. Cənubi Koreya şirkətinin nəticələri analitiklərin 63,55 trilyon von səviyyəsində olan mənfəət proqnozunu əhəmiyyətli dərəcədə üstələyib və investorların “süni intellekt köpüyü” ilə bağlı narahatlıqlarını zəiflədib.
HBM yaddaş bazarında lider mövqe (qlobal bazarın 58%-i) SK Hynix-ə Samsung Electronics-u geridə qoymağa və son 25 ildə ilk dəfə bazar kapitallaşmasına görə Cənubi Koreyanın ən dəyərli açıq səhmdar cəmiyyətinə çevrilməyə imkan verib. Şirkət topladığı vəsaiti Koreyadakı istehsal güclərinin və zavodlarının genişləndirilməsinə yönəltməyi planlaşdırır.







