Sloveniyada koronavirusa qarşı qoruyucu geyim və vasitələrin qanunsuz alveri ilə bağlı başlayan qalmaqal hökumətə təzyiqi artırmaqdadır.
İyunun 30-da Sloveniyanın Daxili İşlər naziri Aleş Hoys və Baş Polis İdarəsinin rəhbəri Anton Travner İqtisadiyyat naziri Zdravko Poçivalşekə qarşı aparılan reydlər çərçivəsində istefa veriblər. Daxili İşlər naziri aparılan təhqiqatları Baş Nazir Yaneş Yanşanın rəhbərlik etdiyi hökuməti istefaya məcbur etmək üçün siyasi motivasiya xarakterli əməl adlandırıb.
Sloveniya Milli Təhqiqatlar İdarəsi (NPU) iyunun 30-da səhər saatlarından etibarən süni tənəffüs aparatlarının alınmasında bir neçə milyon avro vəsaitin mənimsənilməsi faktı üzrə axtarışlar aparıb. Axtarışlar İqtisadiyyat Nazirliyində, nazirin evində və bu aparatların alınmasında iştirak edən şirkətlərin binalarında baş tutub. Axtarışlar çərçivəsində İqtisadiyyat naziri barəsində həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər naziri hazırkı reydləri polis strukturlarının tərkibində mövcud olan “siyasiləşmiş polis” tərəfindən aparıldığını və “dərin dövlət” adlandırdığı bu qruplaşmanın arzuolunmaz siyasətçiləri və hökumətləri istefaya məcbur etdiyini açıqlayıb.
Qeyd edək ki, bir neçə həftədən bəri Sloveniyada koronavirus infeksiyası ilə əlaqədar alınan qoruyucu avadanlıq və geyimlərlə bağlı araşdırmalar aparılır. Təhqiqatçı jurnalistlərin araşdırmalarına görə, İqtisadiyyat Nazirliyi bu avadanlığın alınması ilə bağlı qeyri-şəffaf tender təşkil edib və bu zaman seçim prosesində bəzi firmalara üstünlük vermələri üçün müvafiq Dövlət Logistika Agentliyinin səlahiyyətli əməkdaşlarına siyasi təzyiq göstərilib. Jurnalistlər qanunazidd əməllərin Baş Nazir Yaneş Yanşa və onun rəhbərlik etdiyi mühafizəkar Sloveniya Demokratik Partiyasınadək (SDS) uzanıb getdiyini iddia edirlər.