Bu il iyulun 4-də Bakıda baş verən güclü yanğın həm ekoloji, həm də maliyyə tərəfindən bir neçə məsələni gündəmə gətirdi. Son illərdə ölkə ərazisində “Eurohome”, “Binə”, “Sədərək”, “Diqlas” və digər iri ticarət mərkəzlərində baş verən yanğınlardan sonra sahibkarların sığorta etdirib-etdirməməsi gündəmə gəlib. Ölkə rəhbərliyinin də bu məsələdə tövsiyəsi belə olub ki, sahibkarlar əmlaklarını sığorta etdirməlidir ki, belə hadisələr zamanı dövlətin üzərinə yük düşməsin.
İyulun 4-də boya istehsal edən “Sobsan” zavodu yanandan sonra iqtisadçılar yanğın zamanı 20 milyon manatlıq ziyanın dəydiyini açıqladılar. Bəs belə böyük yanğınlarda sahibkarlara irihəcmli sığorta ödənişi edilirmi?
Sığorta eksperti İlkin İbrahimov bildirib ki, bu suala cavab tapmaq üçün bundan öncəki böyük yanğınlara nəzər salmaq lazımdır:
“Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində, Masallı şəhərində yerləşən “Embawood” Mebel Fabrikində və Bakı şəhərində yerləşən “Sobsan” Boya zavodunda baş verən yanğınları müqayisə etmək olar. Hər üç ticarət obyekti “Azsığorta” Şirkəti tərəfindən sığorta olunub. 2014-cü il oktyabrın 9-da “Karvan” ticarət mərkəzində baş vermiş güclü yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 350 kv.m. sahəni əhatə edən yanğın zamanı təxminən 9 milyon manat məbləğində maddi zərər dəymişdi. Ticarət Mərkəzi sığortalı olduğuna baxmayaraq, sığorta şirkəti müqavilənin düzgün bağlanmaması və s. halları əsas tutaraq sığorta ödənişini verməyib. 22 fevral 2015-ci il tarixində Masallı şəhərində “Embawood” fabrikinin ərazisində ümumi sahəsi 15000 kv.m olan tikilinin içərisində istehsalat sahəsinin və anbar hissəsinin yanar konstruksiyaları, içərisində olan dəzgahlar və yanan materiallar 7000 kv.m sahədə yanıb. Obyektə təxminən 6 milyon manat məbləğində zərər dəyməsinə baxmayaraq, sığorta şirkəti kompensasiyanı verməyib. Bu il iyulun 5-də Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3000 kv.m. ərazi yanıb. FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib. Obyektə təxminən 20 milyon manat məbləğində zərər dəyib. Sığorta şirkəti hələ də dəymiş zərəri hesablamayıb və ümumiyyətlə bu işə maraqlı olmayıb. Sığorta şirkəti qeyd olunan obyektləri qismən sığortalayıb. Bu hal da təkrarsığorta müqavilələrinə ziddir. Bundan başqa sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməsə, sığorta şirkəti kompensasiyadan imtina edə bilər”.
“Qafqazinfo” mövzu ilə bağlı ətraflı məlumat almaq üçün “Azsığorta” ASC-yə bu sualla müraciət edib: “Hazırda “Sobsan”dakı yanğın zamanı dəyən ziyan rəsmi olaraq hesablanıbmı və bu yanğına görə şirkətə nə qədər ödəniş olunub yaxud olunacaq?”
Bildirilib ki, bu suallara “Sobsan” şirkəti cavab versə, daha uyğun olar: “Çünki sığortalının razılığı olmadan, sığortaçı tərəfindən belə bir açıqlama verilə bilməz”.