2015-ci ilin yanvar-noyabr aylarında SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) dövlət büdcəsinə 1 mlrd. 404 mln. 875 min manat vergi ödəyib. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin yanvar-noyabr aylarında SOCAR-ın dövlət büdcəsinə vergi ödənişləri 1 mlrd. 706 mln. 921 min manat təşkil edib. Beləliklə, 2015-ci ilin 11 ayı ərzində şirkətin dövlət büdcəsinə vergi köçürmələri 17,7% azalıb.
Cari ilin noyabr ayında şirkət dövlət büdcəsinə 133 mln. 599 min manat məbləğində vergi ödəyib.
2015-ci ilin yanvar-noyabr aylarında SOCAR-ın Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta üzrə ödənişləri 126 mln. 606 min manat təşkil edib (ötən ilin analoji dövrü ilə müqayisədə azalma 2,3% – İF-Az).
Bununla yanaşı, noyabr ayında şirkət DSMF-ə 11,189 mln. manat məbləğində ödəniş həyata keçirib.
2014-cü ildə SOCAR tərəfindən dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 855 mln. 230 min manat təşkil edib.
SOCAR-ın 2015-ci il üçün dövlət büdcəsinə vergi ödənişləri üzrə plan 1,5 mlrd. manat səviyyəsində müəyyən edilib.