10 C
Baku
Thursday, December 12, 2024

SOCAR-ın İsveçrəyə investisiyaları 400 mln. frankı üstələyib

SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) İsveçrədəki layihələrə 400 mln. İsveçrə frankından çox sərmayə qoyub. Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda Ticarət İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan – İsveçrə hökumətlərarası komissiyanın 7-ci iclasında çıxışı zamanı bildirib.

“SOCAR İsveçrədə 148 yanacaq doldurma məntəqsi əldə edib. İsveçrədə neft məhsullarının pərakəndə satış bazarının 7 %-i, topdan satış bazarının 8%-i, maye qaz bazarının 25%-i şirkətin payına düşür”,- deyə Ş. Mustafayev bildirib.

O həmçinin qeyd edib ki, İsveçrənin AXPO şirkəti TAP tikinti layihəsində 5% pay sahibidir və “Şahdəniz” layihəsinin işlənməsinin “Mərhələ -2” çərçivəsində Azərbaycandan qaz alacaq.

Xəbər verildiyi kimi, SOCAR İsveçrədə neft məhsullarının pərakəndə satışı sahəsində fəaliyyət göstərərək, SOCAR brendi altında YDM şəbəkələri açır.

SOCAR-ın “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmlərini əldə etməsinə dair saziş 2011-ci il noyabrın16-da Sürixdə imzalanıb. “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmləri SOCAR-a $330 mln.-a başa gəlib.

Sazişə əsasən, “Esso Switzerland”ın alınması ilə həmin şirkətə məxsus 160-dan artıq yanacaqdoldurma məntəqəsini özündə birləşdirən pərakəndə satış şəbəkəsi, şirkətin sənaye və topdansatış müştəriləri üçün yanacaq marketinqi ilə məşğul olan qurumu (bu qurum bütün İsveçrə ərazisində kommunal-məişət təyinatlı yanacaq həcmlərinin və balon qazının müstəqil distribüterlərə satışını həyata keçirir), Vangen-Oltendəki Qazdoldurma zavodu, eyni zamanda İsveçrənin Cenevrə və Sürix hava limanlarındakı aviasiya yanacaqdoldurma məntəqələri və müvafiq müştərək müəssisələrin səhmləri, eləcə də terminallara və boru kəmərlərinə malik müştərək müəssisəyə nəzarət edən İsveçrə təchizat və paylama şirkətinin səhmləri SOCAR-ın sərəncamına keçir.

Bundan başqa, “SOCAR Trading” ticarət şirkətinin mənzil-qərargahı Sürixdə yerləşir.

İnterfaks Azərbaycan

Son xəbərlər
Digər xəbərlər