1 C
Baku
Saturday, December 14, 2024

SOCAR “Sberbank” ilə əməkdaşlığa son qoyur

SOCAR Antipinski neft emalı zavodu və zavodun törəmə şirkəti olan NKNP MMC-yə məxsus yataqların idarə olunması üzrə layihədə iştirakını uğurla başa vuraraq, Sberbank Publik Səhmdar Cəmiyyəti ilə birgə müəssisəsi olan “SOCAR Enerqoresurs” MMC-nin kapitalından çıxır.

SOCAR “Antipinski NEZ” Səhmdar Cəmiyyətinə məxsus mülkiyyətin iflas proseduru çərçivəsində onun satışında iştirak etməmək qərarına gəlib, çünki zavodun satın alınması SOCAR-ın cari strategiyasına daxil deyil.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Sberbank ilə tərəfdaşlığımız çərçivəsində belə bir mürəkkəb aktivlə işləmək bizim üçün böyük məsuliyyət yaradırdı. Biz bütün təcrübəmizi, biliklərimizi və səriştəmizi ortaya qoyduq və Rusiya ərazisində federal miqyaslı böyük istehsalatla işləmək sahəsində dəyərli təcrübə qazandıq. Göstəilən etimada və səmimi tərəfdaşlığa görə Sberbanka təşəkkürümüzü bildiririk. Ümid edirik ki, qarşıda bizi əməkdaşlığımızın yeni üfüqləri gözləyir”.

Sberbank SOCAR-ın Antipinski NEZ və NKNP yataqlarının səhmdarı olan “SOCAR Enerqoresurs” şirkətinin effektiv idarəçiliyində əvəzsiz rol oynadığını qeyd edir və SOCAR-a minnətdarlığını bildirir.

Sberbankın prezidenti və idarə heyətinin sədri German Qref demişdir: «Tərəfdaşlarımızın səyləri sayəsində «Аntipinsk NEZ» Səhmdar Cəmiyyəti iflasın ilkin mərhələsindən başlayaraq öz həyat yolunun çətin bir mərhələsini geridə qoydu, prosessinq mexanizmindən istifadə edərək effektiv fəaliyyətini davam etdirməyə müvəffəq oldu. Əməkaşlığımız müddətində SOCAR özünü etibarlı, peşəkar və məsuliyyətli bir tərəfdaş kimi göstərdi. Ümidvarıq ki, bizim səmimi qarşılıqlı münasibətlərimiz başqa layihələrdə davam etdiriləcək”.

SOCAR, Antipinski NEZ-in aktivlərinin idarə olunması üzrə uğurlu təcrübəsini nəzərə alaraq, gələcəkdə, zavodun aktivlərinin satış proseduru başa çatdıqdan sonra qarşılıqlı fayda kəsb edən yeni kommersiya sazişləri bağlandığı təqdirdə müəssisənin əməliyyat idarəçiliyinə yardım etməyə hazır olduğunu bildirir.

Xatırldaq ki, SOCAR 2019-cu ildə lazımi prosedurları başa vurduqdan sonra Rusiyada “SOCAR Enerqoresurs” MMC-nin minoritar iştirakçısı olmuşdu. “SOCAR Enerqoresurs” Antipinski NEZ və Orenburq vilayətində 45 milyon ton təsdiqlənmiş neft ehtiyatı olan üç yatağın aktivlərini birləşdirirdi. SOCAR-ın bu layihədə əsas rolu Antipinski NEZ-in idarəetmə səriştəsini təmin etməkdən ibarət idi. Sazişin strukturu baxımından SOCAR-ın Antipinski NEZ-də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risk yaratmırdı. Qeyd edək ki, illik ümumi emal gücü 7,5 milyon ton təşkil edən Antipinski NEZ-də dizel, vakuum qazoyl, nafta, benzin (A80 və A92), koks, texniki kükürd, texnoloji mazut və maye qaz istehsal olunur.

Son xəbərlər
Digər xəbərlər