2008-2017-ci illərdə Petkimin xalis mənfəəti 9,2 dəfə artıb.
Ötən il aparılmış optimallaşdırma tədbirləri nəticəsində 50 milyon dollara yaxın vəsaitə qanaət edilib.
SOCAR prezidenti Rövnəq Abdullayev Türkiyəyə səfəri çərçivəsində martın 30-da şirkətin Əliağada həyata keçirdiyi layihələrin gedişi ilə tanış olmaq məqsədi ilə “Petkim” neft-kimya kompleksinə, eləcə də cari ilin sentyabrında istismara veriləcək STAR neft emalı zavoduna baş çəkib. SOCAR-ın Əliağadakı bütün törəmə şirkətlərinin ümumi idarəetmə binasına gələn şirkət rəhbərliyi binaya baxışdan sonra burada Türkiyədəki aktivlərinin cari vəziyyəti və gələcək planları ilə bağlı müşavirə keçirmişdir.
Qeyd olunmuşdur ki, ötən il “Petkim” üzrə istehsal prosesləri, tədarük zənciri və digər sahələrdə aparılmış optimallaşdırma tədbirləri nəticəsində 48 milyon dollar vəsaitə qənaət edilmişdir. 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra 2017-ci ilin sonuna kimi “Petkim” şirkətinin xalis mənfəəti 9,2 dəfə, bu şirkətin səhmlərinin dəyəri isə 8,7 dəfə artmışdır.
Müşavirədə SOCAR rəhbərliyinə məruzə olunmuşdur ki, dəyər zənciri üzrə “Petkim”lə sinerji təşkil edəcək STAR NEZ-də artıq tikinti işlərinin 99 fazi yekunlaşdırılmışdır. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur. STAR zavodunda illik 4,8 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı, 1,6 milyon ton nafta və həmçinin, mayeləşdirilmiş təbii qaz, qarışıq ksilen, HRON, neft koksu və kükürd kimi əsas məhsullar istehsal olunacaq. Zavodun məhsullarının böyük qismi, o cümlədən nafta “Petkim” kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq. Ümumiyyətlə, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur. Cari ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq.
SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “STAR zavodu SOCAR-ın tərkibində neft-kimya kompleksi olan “Petkim”lə sinerji təşkil edəcək, “Petkim”i onun əsas xammalı olan nafta ilə təmin edəcəkdir. STAR zavodunun yanacaq məhsulları isə nəhəng potensiala malik olan Türkiyə bazarında reallaşdırılacaq. Beləliklə, Azərbaycana əlavə gəlir qazandırmaqla yanaşı, STAR NEZ-in fəaliyyəti həm də qardaş ölkədə yeni iş yerləri yaradacaq, idxalatın bir qisminin daxili istehsalatla əvəzləyəcək.”
Xatırladaq ki, SOCAR 2008-ci ildə Türkiyənin “Petkim” neft-kimya kompleksinin səhmlərinin 51 faizlik nəzarət paketinə sahib olmuşdur. “Petkim”-in dəyər zəncirinin təkmilləşdirilməsi məqsədi ilə inşa edilən STAR neft emalı zavodu SOCAR-ın yeni strateji inkişaf kursunda mühüm yer tutan bir layihə olaraq şirkətin emal və kimya aktivlərinin şaxələndirilməsinə mühüm töhfə verəcək.
Cari ildə SOCAR kimya sənayesi sahəsində 3 zavodun istismara verilməsini planlaşdırır. Azərbaycanda istifadəyə veriləcək “SOCAR Polymer” və “SOCAR Karbamid” zavodları ölkəmizdə SOCAR-ın digər müəssisələri ilə interqrasiya ediləcək. Türkiyədə reallaşdırılan STAR layihəsi isə “Petkim” kompleksi ilə inteqrasiya ediləcək.