“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisəsi olan “SA Maritime AFEZCO” 2023-cü ildə 14 milyon manat xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, “SA Maritime AFEZCO” birgə müəsisəsi 2023-cü ilin mayında iki iri dövlət şirkətinin təşəbbüsü ilə təsis edilib.
Şirkətin ilk maliyyə ilində 28 milyon manat gəlirə qarşı 15 milyon manatlıq satışın maya dəyəri təşkil edib.
ASCO və SOCAR-ın bu müəssisədə payları 50% təşkil edir.
Ötən il “SA Maritime” “Aframax” tipli tankeri satın alaraq Sinqapurda istismara verib.
Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında üzəcək digər “Aframax” tipli tankerlər kimi, “Qarabağın” da dedveyti (ümumi yükgötürmə qabiliyyəti) təxminən 115 min tondur. Gəmini Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100 % törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək.
Bundan əlavə, şirkət tərəfindən bazar araşdırması nəticəsində ilkin olaraq üç “Aframax” tipli tanker alınıb. Bunlardan birincisi – “Şuşa” gəmisi 15 iyun – Qurtuluş Günündə istismara verilib. Üçüncü gəminin – “Zəngəzur”un istismara verilməsi üzrə işlər də artıq yekunlaşmaq üzrədir.
Onu da əlavə edək ki, ötən yerli bazarda uğurla buraxılan “ASCO istiqrazları”ndan cəlb olunan vəsait sözügedən “Aframax” tipli tankerlərin alınması layihəsi üzrə ASCO-nun payının maliyyələşdirilməsinə yönləndilmişdi.