9 C
Baku
Friday, December 13, 2024

SOCAR və IBM şirkətləri yeni müəssisə yaratdılar

SOCAR və IBM şirkətləri “Caspian Innovation Center” adlı birgə müəssisə yaratdıqlarını bəyan ediblər. Yeni analitika və təchizat mərkəzinin əsas məqsədi Azərbaycanda, Xəzər regionunda və digər ölkələrdə, ilk növbədə neft-qaz sənayesi üzrə, rəqabət qabiliyyətli informasiya texnologiyaları, biznes transformasiyası və müvafiq məsləhət xidmətlərini həyata keçirməkdir. Bu barədə Banker.az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat daxil olub.

SOCAR-IBM birgə müəssisəsi SOCAR-a və regiondakı digər şirkətlərə rəqəmsal biznes transformasiyası və istehsalat effektivliyinin artırılması ilə bağlı xidmətlərini təklif edəcək. Nəzərdə tutulan transformasiya proqramı IBM-in qabaqcıl təcrübəyə əsaslanan proses və texnologiyalarını Azərbaycan və bütün regiona gətirəcək. Birgə müəssisə Azərbaycanda praktiki həllər və İT ilə əlaqədar analitika üçün baza yaradacaq, bununla da insan kapitalının inkişafına əlavə təkan verəcəkdir.

Bu strateji tərəfdaşlıq platforması SOCAR-ın sənaye təcrübəsi ilə IBM-in yüksək həcmli məlumatların hesablanması və rəqəmsal koqnitiv intellekt (özünütəlim) imkanlarını birləşdirməklə regionda çoxşaxəli sənaye həlləri və yeni səriştəliklərin yaranmasına mühüm töhfə verəcəkdir. 

ibmdsc 7194

SOCAR prezidenti Rövnəq Abdullayev qeyd etmişdir: “Rəqəmsal biznes transformasiya prosesləri bu gün istehsalat effektivliyinin ayrılmaz şərtlərindən biridir. Yaradılan birgə müəssisə IBM-in qabaqcıl koqnitiv süni intellekt və analitika imkanları ilə birlikdə neft-qaz sənayesinin beşiyi olan Azərbaycanda SOCAR-ın unikal təcrübəsindən yararlanacaq. Bu sinerji bütün region üzrə müxtəlif sənaye sahələrində rəqəmsal transformasiyanı həyata keçirmək potensialına malikdir. Nəticədə, Azərbaycanda yüksək səriştəli və yüksək ödənişli bir çox yeni iş yerləri açıla bilər. Bununla biz insan kapitalının inkişafına daha bir töhfə verir, eyni zamanda bu töhfəmizi yeni müstəviyə – neft-qaz sənayesinin fövqünə qaldırırıq.”

Nəzərdə tutulan tədbirlər nəticəsində SOCAR İT sahəsində proses və əməliyyatları daha çevik və effektli şəkildə idarə edəcək, istehsalat proseslərində daha çox məlumatların təhlilini daha yüksək sürətlə həyata keçirəcəkdir. Nəticədə, neft və qaz yataqlarında aparılan axtarış-kəşfiyyat işlərinin səmərəsi daha da yüksələcək, ətraf mühitə təsirin azaldılması üçün yeni imkanlar yaranacaqdır.

Əməkdaşlıq IBM-ə təkcə Azərbaycanda deyil, bütün Xəzər regionunda və onun hüdudlarından kənarda fəaliyyətini genişləndirməyə yardım edəcəkdir.

“SOCAR-IBM birgə müəssisənin yaradılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəqəmsal transformasiyasını sürətləndirməyə kömək edəcək, eyni zamanda qlobal enerji sənayesinin inkişafına töhfə verəcəkdir”, – IBM-in qlobal bazarlar üzrə baş vitse-prezidenti Erik Klementi demişdir. 

ibmdsc 7195

Əldə olunmuş razılığa əsasən, SOCAR-IBM birgə müəssisəsi biznes fəaliyyətlərin intensiv inkişaf etdiyi digər sahələri, o cümlədən yeni coğrafi məkanları və müştəriləri də əhatə edə bilər.

IBM 170-dən çox ölkədə fəaliyyət göstərən qlobal miqyaslı müəssisədir. Bu gün IBM diqqətini koqnitiv həllər (rəqəmsal idrak həlləri), bulud hesablama, təhlükəsizlik kimi mühüm inkişaf sahələri üzərində cəmləyərək, müxtəlif müştəri kontingentinə ən çətin biznes problemlərinin həlli üçün innovativ yollar təklif edir. Dünyanın ən böyük İT və konsaltinq xidmətləri şirkəti olmaqla yanaşı, IBM həm də qlobal biznes və texnologiya lideri kimi cəmiyyətin gələcəyini hərtərəfli formalaşdırmaq məqsədi ilə tədqiqat və inkişaf sahələrinə yeniliklər gətirir. IBM özünün yüksək dəyərli tədqiqat imkanları, texniki inkişaf və istedadlı kadrlar sayəsində çağdaş dünyanın real problemləri üçün çalışan hökümətlər, şirkətlər, mütəfəkkir və fəallarla tərəfdaşlıq edir.

IBM xidmətləri haqqında ətraflı məlumat üçün https://www.ibm.com/services/ saytını ziyarət edin.

SOCAR 2006-cı ildə İnformasiya Texnologiyaları və Rabitə İdarəsini yaradaraq, şirkətdə rəqəmsal biznes transformasiyanın əsasını qoymuşdur. Son illərdə SOCAR-da biznes resurslarının rəqəmsal planlaşdırılması tətbiq olunmuş, şirkətin struktur bölmələrini əhatə edən korporativ şəbəkə sistemi qurulmuş, elektron sənəd dövriyyəsinin sayəsində kağız üzərindəki sənəd dövriyyəsi ixtisar edilmiş, insan resurslarının rəqəmsal idarə olunması layihəsinə start verilmiş, neft-qaz yataqlarının vahid korporativ məlumatlar bankı yaradılmışdır. Şirkətin müəssisələrində rəqəmsal analitika və proses proqramları istifadə olunmaqdadır, informasiyanın arxivləşdirilməsi və bərpası tam robotlaşdırılmış qurğular vasitəsi ilə həyata keçirilir. Yeni yaradılmış birgə müəssisə rəqəmsal transformasiya proseslərini yeni müstəviyə qaldıraraq, regionda digər şirkətlərə də səmərəni rəqəmsal islahatlar vasitəsi ilə artırmaq üçün qabaqcıl analitik və praktiki həllərini təklif edəcək.

Son xəbərlər
Digər xəbərlər