Norveçin “Equinor” şirkəti SOCAR ilə birlikdə Azərbaycan yataqlarında kəşfiyyat əməliyyatlarının aparılması ilə bağlı planlar hazırlayır.
Banker.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Norveç şirkəti məlumat yayıb.
“SOCAR-la birlikdə hazırda “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” və “Aypara” yataqlarında kəşfiyyat və qiymətləndirmə işlərinin aparılması ilə bağlı planlar hazırlayırıq. Hazırkı mərhələdə iş proqramının təfsilatlarını açıqlaya bilmərik”, – deyə şirkətin məlumatında bildirilir.
Norveç şirkəti Azərbaycanda 2018-ci ildəki fəaliyyətinin yekunlarından söz açıb.
Qeyd olunur ki, ötən il “Equinor” üçün ən əlamətdar hadisə SOCAR ilə iki sənədin – “Risk-Service” müqaviləsinin və yuxarıda qeyd olunan yataqların işlənilməsi layihələri üzrə hasilat bölgüsü haqqında müqavilənin bağlanması olub.
“Bu müqavilələr “Equinor”un regiondakı növbəti addımını tərənnüm edir, bizim mövqeləri gücləndirir və artım üçün daha geniş imkanlar verir. Biz SOCAR-ın əməkdaşlığı ilə yeni geokəşfiyyat layihələri üzərində işə başlamağı səbirsizliklə gözləyirik”, – deyə “Equinor” rəsmisi bildirib.
Xatırladaq ki, qeyd olunan müqavilələr 30 may 2018-ci ildə imzalanıb. Birinci, yəni “Risk-Service” (RSA) müqaviləsi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağına, hasilat bölgüsü və perspektivli strukturlarda kəşfiyyatla bağlı ikinci müqavilə isə “Dan Ulduzu”, “Əşrəfi” və “Aypara” yataqlarına aiddir”.
Müqavilələrdə hasilatın pay bölgüsü 50-nin 50-yədir.
2000-ci ildə açılmış “Qarabağ” neft-qaz yatağı Bakıdan 130 km şərqdə yerləşir. Yatağın yerləşdiyi ərazidə dənizin dərinliyi 250-450 metr arasında dəyişir. Hesablamalara görə, yataqdakı ilkin neft ehtiyatları 100 milyon ton təşkil edir.
“Qarabağ” yatağından hasil olunacaq ehtiyatların 16 milyon ton neft və 28 milyard kubmetr qazdan ibarət olduğu ehtimal edilir. Yatağın olduğu çevrədə dənizin dərinliyi 180 metrə yaxındır.
Yatağın işlənilməsi üzrə əməliyyatçısı SOCAR-dır. “Qarabağ”ın kəşfiyyat quyusunun qazma işləri 2018-ci ildə planlaşdırılıb. Şirkət yataqdan ilk hasilatın 2021-ci ildə baş tutacağını gözləyir.
“Əşrəfi” – “Dan-ulduzu” struktur blokunun işlənilməsi ilə bağlı müqavilə 1997-ci ildə SOCAR (20 faiz), BP (30 faiz), Unocal (25,5 faiz), İtochu (20 faiz) və Delta HESS (4,5 faiz) arasında imzalansa da, 7 mart 2000-ci ildə hüquqi qüvvəsini itirib.
13 milyard kubmetr qaz və 17 milyon ton kondensat ehtiyatı olan “Əşrəfi” yatağı 1999-cu ildə kəşf olunub. “Əşrəfi” yatağında kəşfiyyat işləri çərçivəsində 20-40 milyon ton həcmində karbohidrogen ehtiyatları aşkarlanıb.
“Əşrəfi” yatağı Abşeron yarımadasından şimalda, Bakıdan 105 kilometr şimal şərqdə yerləşir.