Azərbaycanda SOCAR və SOFAZ-ın (ARDNF) təşəbbüsü ilə yaradılan böyük kapitallı “Azerbaijani Rigs” MMC dünyaca tanınmış “Ernst & Young”ın vergi məsləhətindən yararlanmaq istəyir.
Banker.az saytı bildirir ki, bunun üçün “Azerbaijan Rigs” audit və konsaltinq şirkətinin Azərbaycandakı filialı ilə 62 186 manatlıq satınlama müqaviləsi imzalayıb.
Hər iki təsisçi – SOCAR və SOFAZ dövlət vəsaiti hesabına həyata keçirilən layihənin maliyyə səmərəliliyini təmin etmək məqsədi ilə 2013-cü ildə “Azerbaijan Rigs” şirkətini yaradıblar. Şirkətin əsas podradçısı “Kaspian Drilinq Kompani Ltd.” MMC və “Keppel Offshore & Marine Ltd.” Şirkətləridir ki, Xəzər dənizində qazma əməliyyatlarını həyata keçirirlər.
“Ernst & Young” indi bu törəmə şirkətə tam olaraq vergiqoyma məsələləri ilə əlaqədar vergi məsləhətlərini verməli olacaqdır. Müqavilə 1 il müddətini əhatə edir.
Qeyd edək ki, “Azerbaijan Rigs” əvvəl səhmdar cəmiyyət kimi yaradılsa da, sonradan məhdud məsuliyyətli cəmiyyətə çevrilib. Şirkətin nizamnamə kapitalı 990 mln. manatdır.
Şirkət SOCAR Tower-in 4-cw mərtəbəsində fəaliyət göstərir.