Braziliyada məhsula zərər vuran güclü leysan yağışları səbəbindən premium qəhvə istehsalçıları üçün arabika (qəhvə növü – red.) dənlərini əldə etmək daha da çətinləşəcək.
Bu barədə “Bloomberg” yazıb.
“Yağıntılar nəinki məhsul yığımını ləngidib, həm də onun keyfiyyətini pisləşdirib ki, bu da dənlərin əlçatanlığının azalmasına gətirib çıxarıb. Keyfiyyətli arabika müəyyən yetişdirilmə şərtləri tələb edir. Leysan yağışları qəhvə giləmeyvələrini ağaclardan yuyub aparıb, qalanları isə islanıb və ya infeksiyaya məruz qalıb. Bu, kifli və kəfəkli dadların yaranmasına gətirib çıxara bilər”, – məqalədə bildirilib.
“Bloomberg” qeyd edib ki, salamat qalmış məhsul yığıldıqdan və mütəxəssislər onun qurudulmasına başladıqdan sonra ölkəyə ikinci leysan dalğası zərbə vurub, bu isə bəzi istehsalçıları qurutma işlərinə yenidən başlamağa məcbur edərək dənlərin keyfiyyətini pisləşdirib.
Materialda qeyd olunub ki, yağışların təsiri artıq qiymətlərdə də özünü göstərib. İyun ayından etibarən arabika fyuçersləri təxminən 35 % bahalaşıb.







