7 C
Baku
Thursday, December 12, 2024

Son 1 ildə aqrar sektor 7% böyüyüb

Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə “Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Tədbiri giriş sözü ilə ASK-nın prezidenti Məmməd Musayev açıb.

O, bildirib ki, ölkədə sahibkarlığın, qeyri-neft sektorunun inkişafı iqtisadi inkişaf üçün lokomotiv rolunu oynayır.

“Azərbaycan dayanıqlı inkişaf məqsədlərini yerinə yetirir. Ölkədə kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar var. Son 1 ildə aqrar sektor 7% böyüyüb. Özəl sektorun ümumi daxili məhsulda (ÜDM) payı 80%-dən çoxdur”, – deyə o, qeyd edib.

Konfransada dövlət müəssisələri, beynəlxalq təşkilatlar, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri daxil olmaqla 150 nəfər iştirak edir. Tədbir özəl sektorun “Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi” haqqında məlumatlılığını artırmaq, Azərbaycanda DİM-lərin tətbiq edilməsinin rolu və cəlb edilməsi üzrə dövlət və özəl sektor arasında müzakirəni asanlaşdırmaq məqsədi daşıyır.

İştirakçılar, həmçinin DİM-lərin özəl sektor biznes modellərinə inteqrasiyası və dayanıqlı inkişaf üzrə hesabatla bağlı məlumatları və bölgədəki ən yaxşı təcrübələr, eləcə də iqlim dəyişikliyinə və ölkə tərəfindən milli müəyyən edilmiş töhfələrə xüsusi diqqət yetirməklə ümumi maraq dairələrində milli özəl sektorun iştirakını səfərbər etməyin yollarının müzakirəsi üzrə məlumat mübadiləsi aparacaqlar.

Kənd təsərrüfatı sahəsi Azərbaycanda, xüsusilə kənd yerlərində, iqtisadi artımın və dayanıqlı inkişafın kataliz edilməsində mühüm rol oynayır Bu sahə, neft sənayesi və inşaat sektorundan sonra ölkədə üçüncü ən böyük sektordur. Qida sektoru da həmçinin ümumi istehsalın 32%-ni təmin edən qeyri-neft sənayesinin əhəmiyyətli bir hissəsini tutur.

FAO, ölkədə ərzaq təhlükəsizliyinin artırılmasına səbəb olan dayanıqlı qida və kənd təsərrüfatını təmin etmək, qida və kənd təsərrüfatı istehsalı sistemlərinin məhsuldarlığını artırmaq və kənd təsərrüfatı istehsalını şaxələndirmək istiqamətində Azərbaycan hökumətinin səylərini dəstəkləyir.

Seminar, “Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” layihəsi çərçivəsində təşkil edilib.

©Report

Son xəbərlər
Digər xəbərlər