Azərbaycan bank sektorunda izafi likvidliyin artması Mərkəzi Bankın faiz dəhlizi ilə bağlı son qərarında əsas amillərdən biri olub.
Banker.az xəbər verrir ki, AMB uçot dərəcəsini 6,5%, faiz dəhlizinin yuxarı həddini isə 7,5% səviyyəsində saxladığı halda, aşağı həddi 5,5%-dən 5%-ə endirib. Bank bu addımı banklararası pul bazarında əməliyyatların genişlənməsi və bankların öz aralarında likvidlik mübadiləsini təşviq etmək məqsədi ilə izah edib.
AMB-nin məlumatına görə, bank sektorunda struktur likvidlik profisiti sürətlə artıb. Məcburi ehtiyat kimi saxlanılan vəsaitlər nəzərə alınmadan sektorun struktur likvidlik profisiti 2026-cı ilin avqust ayının sonuna 6,3 milyard manata çatıb. Bu göstərici 2025-ci ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb.
Likvidlik artımı banklararası faizlərdə də özünü göstərib. Təminatsız pul bazarında əsas göstəricilərdən biri olan AZIR dərəcəsi iyulda orta hesabla 6,39%, avqustda 6,28%, sentyabrın əvvəlindən isə 6,02% təşkil edib. Beləliklə, qısamüddətli bazar faizləri uçot dərəcəsindən aşağı səviyyədə formalaşıb.
Mərkəzi Bank bildirir ki, izafi likvidlik şəraitində əsas məqsəd bankların mərkəzi bank alətlərindən asılılığını azaltmaq və banklararası bazarın rolunu artırmaqdır. Buna görə də faiz dəhlizinin aşağı həddinin azaldılması bankların bir-biri ilə daha aktiv əməliyyat aparmasına şərait yaratmaq üçün tətbiq edilib.
Likvidliyin idarə edilməsində AMB əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. Avqustun sonuna bu əməliyyatların açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelində payı 70,8% təşkil edib. Eyni zamanda Mərkəzi Bankın not portfelinin həcmi ilin əvvəlindən 4 dəfədən çox artıb.
Bank sektorunda likvidliyin artmasının əsas səbəbləri arasında valyuta bazarında yüksək təklif və Mərkəzi Bankın valyuta alışları da göstərilir. 2026-cı ilin 8 ayında AMB-nin valyuta ehtiyatları 32,9% artaraq 15,3 milyard dollara yüksəlib. Xarici ticarətdə isə yanvar-avqust aylarında 10,4 milyard dollarlıq müsbət saldo formalaşıb.
Adətən Mərkəzi Bank izafi likvidlik şəraitində bank sistemindəki artıq vəsaitlərin idarə olunması üçün açıq bazar əməliyyatlarından, o cümlədən depozit hərracları və not alətlərindən istifadə edir. Lakin son qərarda AMB faiz dəhlizinin aşağı həddini azaltmaqla yanaşı, banklararası pul bazarında əməliyyatların genişlənməsini və bankların likvidliyi daha çox öz aralarında bölüşdürməsini təşviq etməyə çalışır.







