2023-cü ildə İpoteka və Kredit Zəmanət Fonduna dövlət büdcəsindən Fondun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 87,7 mln. manat və sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün 12,3 mln. manat olmaqla, cəmi 100,0 mln. manat vəsait ayrılıb.
Bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd edilib.
Güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün ayrılmış 87,7 mln. manat vəsaitin Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin vətəndaşlar tərəfindən güzəştlə əldə edilməsinə yönəldilən hissəsi 40,0 mln. manat məbləğində müəyyən edilib, qalan 47,7 mln. manat isə digər güzəştli ipoteka kreditlərinin verilməsinə yönəldilib. MİDA-nın sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə satışına ilin əvvəlinə olan qalıqdan istifadə etməklə 2023-cü il ərzində 47,4 mln. manat vəsait sərf edilib ki, bu da 2022-ci illə müqayisədə 3,5 mln. manat çoxdur. MİDA xətti ilə həmin məqsəd üçün 2017-2023-cü illər ərzində ümumilikdə 235,0 mln. manat vəsait ayrılıb, 31.12.2023-cü il tarixinədək müvəkkil banklar tərəfindən ümumilikdə 209,6 mln. manat məbləğində güzəştli ipoteka krediti verilib, əvvəlki illərin qalığı nəzərə alınmaqla 25,4 mln. manat məbləğində vəsait isə Fondun Mərkəzi Bankdakı hesablaşma hesabında istifadəsiz qalıb.
Fondun hesablaşma hesabında 25,4 mln. manatın istifadəsiz qalması fonunda 2023-cü ildə sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün dövlət büdcəsindən 12,3 mln. manat vəsait ayrılıb. İl ərzində bundan 6,6 mln. manat və ya 53,7% subsidiyaların verilməsinə istifadə edilib. Ümumilikdə 2018-2023-cü illər ərzində sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə subsidiyanınverilməsi üçün 53,8 mln. manat büdcə vəsaiti ayrılıb, faktiki icra 38,4mln. manat təşkil edib, 15,4 mln. manat istifadəsiz qalıb. İl sonunda istifadəsiz qalan vəsait il ərzində dövlət büdcəsindən ayrılmış vəsaitdən çox olmaqla, bu istiqamətə dövlət büdcəsindən ayrılan vəsaitdə qənaət imkanlarının olduğunu deməyə əsas verib.