Mingəçevirdə yerləşən “Azərbaycan İES”-dəki yanğının video və fotoları yayılıb. Bir sıra iddialara görə, hazırda da yanğın davam edir.
Minval.info-ya çatan məlumata görə, nasaz olan açarların birində yanğın başlayıb: “Dünən Baş prokuror da Prezident qarşısında dedi ki, elektrik açarları müasir deyil. Hazırda o açarlardan biri yanır!.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının tezliklə ram edilməsinə və yenidən ciddi problem baş verməməsi üçün yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını qısa zamanda söndürüblər. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib:
05.06.2018-ci il tarixdə saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb. Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanmışdır. Digər transformatorlar yanğından mühafizə olunub.
Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hazırda İES normal rejimdə fəaliyyətini davam etdirir.