ABŞ-nin hazırkı prezidenti Cozef Baydenin reytinqi son vaxtlar 19% aşağı düşüb.
Bunu “ABC News” və “The Washington Post”un keçirdiyi sorğunun nəticələri sübut edir.
Araşdırma göstərib ki, Bayden dövlət başçısı seçildikdən sonra ABŞ sakinlərinin 44%-nin maliyyə vəziyyəti pisləşib. Eyni zamanda, respondentlərin yalnız 37%-i Ağ Ev sahibinin fəaliyyətini bəyəndiyini bildirib. Materialda deyilir ki, insanların yarıdan çoxu – 56% əks fikirdədir.
Bayden administrasiyasının yürütdüyü iqtisadi siyasət amerikalıların yalnız 30%-nə uyğun gəlir. Prezidentin meksikalı miqrantlarla problemin həllinə yönəlmiş hərəkətlərini respondentlərin cəmi 23%-i bəyənib.
Bundan başqa, vətəndaşların 74%-i hazırkı dövlət başçısının qarşıdan gələn seçkilərdə iştirakını istəmir. Onların fikrincə, Bayden ikinci prezidentlik müddətinə namizəd olmaq üçün çox qocalıb.
Sorğuda ümumilikdə 1 006 ABŞ vətəndaşı iştirak edib. Tədqiqat 15-20 sentyabr tarixləri arasında aparılıb və anketlər ingilis və ispan dillərində doldurulub.