Azərbaycanda sosial sahibkarlıqla bağlı ayrıca qanun hazırlanmalıdır. Bu, həm də sahibkarlığın dəstəklənməsi olar.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Büdcə Məcəlləsinin hazırlanması və daha tez qəbul edilməsi məqsədəuyğun olardı: “Büdcə gəlirlərimiz artır, bu da Azərbaycanın gücünü göstərir. Eləcə də yeni Vergi Məcəlləsinin qəbuluna ehtiyac var. Vergi Məcəlləsində daha fundamental yanaşmalara, meyarlar əsasında vergi dərəcələrini işləməyə ehtiyac var. Yeni Məcəllə imkan verməlidir ki, sahibkarlar yeni vergi mühitindən istifadə edə bilsin. Yeni meyarlar Vergi Məcəlləsinə gətirilməlidir”.
Komitə sədri Tahir Mirkişili qeyd edib ki, sosial sahibkarlıqla bağlı qanun layihəsi hökumət tərəfindən hazırlanır: “Səhv etmirəmsə, siz də orada iştirak edirsiniz. Hər üç təkliflə bağlı biz müzakirələr aparmalıyıq. Kifayət qədər aktual və maraqlı təkliflərdir”.