9 C
Baku
Thursday, December 12, 2024

Sosial sığorta ödəmələri belə hesablanacaq – kalkulyator yeniləndi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektronlaşdırma proqramı çərçivəsində yeni “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” elektron xidməti istifadəyə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, geniş funksional imkanlara malik olan e-xidmət emas.sosial.gov.az internet portalında ayrıca bölmə kimi yaradılıb və hər bir sığortaolunana:

– əmək qabiliyyətinin müvəqqəti itirilməsi,

– hamiləlik və doğum,

– uşağa qulluq

ilə bağlı sosial sığorta hadisələri baş verdiyi zaman ona ödəniləcək sosial sığorta ödəməsinin məbləğini hesablamaq imkanı verir.

Xidmətdən yararlanmaq üçün sığortaolunanlar:

1. emas.sosial.gov.az portalında şəxsi kabinetə daxil olaraq “Sosial sığorta ödəmələrinin hesablanması üzrə kalkulyator” bölməsinə keçid etməli;

2. Açılan pəncərədə sosial sığorta ödəməsinin növünü seçməli;

3. Seçilmiş sosial sığorta ödəməsinin növünə uyğun olaraq tələb olunan məlumatları müvafiq xanalara daxil etməlidir;

4. “Hesabla” düyməsi sıxıldıqda ona ödəniləcək sosial sığorta ödəməsinin məbləği ekranda əks olunacaq.

Yeni e-xidmət elektron xidmətlərin tətbiq dairəsinin genişləndirilməsinə, xidmətlərin keyfiyyət və əlçatanlığının, sığortaolunanların sosial sığorta ödəmələri ilə bağlı məlumatlılığının artırılmasına xidmət edir.

2021-ci ilin əvvəlindən nazirlik tərəfindən “Pensiya kalkulyatoru” elektron xidməti də istifadəyə verilib və ötən dövrdə bu e-xidmətdən 2 milyon dəfədən çox istifadə edilib.

Sosial sahədə son beş ildə geniş elektronlaşma proqramı icra olunub və hazırda nazirliyin 153 xidmətindən 140-dan çoxu (90 faizdən çoxu) artıq e-qaydada təqdim edilir. Həmçinin 50-dən çox proaktiv xidmət, 31 e-arayış xidməti yaradılıb.

Son xəbərlər
Digər xəbərlər