Hökumətin cari və zəruri dəstəyi olmazsa, “Azərenerji” ASC xarici öhdəliklərinin yerinə yetirilməsində ciddi problemlərlə üzləşə bilər. Bu barədə “Standard&Poor`s Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Məlumatda deyilir ki, borc yükü və kapitalın dayanıqsız strukturu səbəbindən “Azərenerji” ASC ciddi təzyiqlə üzləşir. Bunları nəzərə alaraq agentlik dövlət şirkətinin şəxsi kreditləşmə qabiliyyətini “ccc+” səviyyəsində təsdiqləyib.
“Uzunmüddətli perspektivdə dövlətin “Azərenerji” ASC-yə verdiyi dəstəkdə qeyri-müəyyənlik mövcuddur. Düşünürük ki, dövlət xarici öhdəliklərin yerinə yetirilməsində şirkətə zəruri dəstək versə də, onun maliyyə nəticələrinin yaxşılaşması üçün konkret bir strategiya yoxdur. Bu səbəbdən “Azərenerji” ASC-nin reytinqi Azərbaycanın suveren reytinqindən daha aşağıdır. Bizim baza ssenarimizə əsasən, şirkət bu il əlavə borclanmaya getməyəcək, habelə aktivlərin və kapitalın strukturu dəyişməz qalacaq”, – deyə agentliyin açıqlamasında bildirilir.