7 C
Baku
Thursday, December 12, 2024

S&P Global Ratings 2020-ci il üçün Azərbaycanda neft hasilatıyla bağlı proqnoz verib

S&P Global Ratings beynəlxalq reytinq agentliyi 2020-ci ildə Azərbaycanda neft hasilatının gündəlik 733 min barrelədək azalacağını, lakin ortamüddətli dövrdə tədricən artacağının və illik gündəlik 771 min barrel səviyyəsində stabilləşəcəyini gözləyir.

“2020-ci ildə meft hasilatının təxminən 3% – gündəlik 733 min barrelədək azalacağını, lakin sonra proqnoz dövründə (2024-cü ilədək – İF) gündəlik 771 min barrelə qədər səviyyədə stabilləşəcəyini gözləyirik. “Azəri-Çıraq-Günəşli” blokunda hasilatın həcmi bir qədər azalacaq, ancaq “Şahdəniz” yatağından “Mərhələ-2” çərçivəsində kondensat hasilatının artması, o cümlədən, Abşeron arxipelaqının dayazsulu hissəsinin işlənməsi “AÇG” blokunda hasilatın azalmasını kompensasiya etməyə imkan yaradacaq”, – agentliyin məlumatında qeyd olunur.

Eyni zamanda, S&P-nin ekspertləri TANAP və TAP layihələrinin reallaşdırılması hesabına 2020-2023-cü illərdə qaz ixracının tədricən artacağını gözləyirlər.

“Növbəti 4-5 il ərzində, layihə tam gücünə çatacağında, qaz ixracının tədricən artacağını gözləyirik, bu da daha geniş iqtisadi dinamikanı gücləndirməlidir. TAP qaz kəmərinin tikintisinin başa çatmasının mümkün gecikməsi səbəbindən Azərbaycan qazı 2020-ci ilin sonunadək Avropaya çatmaya bilər”, – S&P-nin analitikləri belə hesab edirlər.

Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $38 mlrd.-dır.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

10 mlrd. kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 mlrd. kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin iyun ayından başlanılıb.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.

TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir. Layihə 4,5 milyard avro həcmində qiymətləndirilir.

Energetika Nazirliyinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda orta gündəlik 764 min barrel neft hasil edilib.

Dövlət Statistika Komitəsindən məlumat verilib ki, 2019-cu ildə Azərbaycanda 37 milyon 517,6 min ton neft hasil edilib (2018-ci ilin göstəricisi ilə müqayisədə azalma 3,2%), 35 milyard 591,4 milyon kubmetr qaz hasil olunub (artım 16,3%).

Azərbaycan hökuməti 2020-ci ildə neft hasilatını 37,7 milyon ton, 2021-2023-cü illərdə – orta hesabla illik 38,4 milyon ton səviyyəsində proqnozlaşdırır.

2020-ci ildə qaz hasilatı 37,8 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır, 2024-cü ilədək hasilatın həcmi 47,4 milyard kubmetrədək artacaq.

©İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər