“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2024-cü ildə Azərbaycanın ÜDM-i 2,5 % real artımla 129 milyard manat (76 milyard ABŞ dolları) təşkil edəcək.
Bu barədə “S&P Global Ratings”in Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında qeyd edilib.
2025-ci ildə nominal ÜDM 2 % real artımla 130 milyard manat (77 milyard ABŞ dolları), 2026-cı ildə 1,5 % real artımla 135 milyard manat (79 milyard ABŞ dolları), 2027-ci ildə isə 1,5 % real artımla 140 milyard manat (82 milyard ABŞ dolları) səviyyəsində proqnozlaşdırılır.
2024-2025-ci illərdə adambaşına ÜDM-in 7,4 min ABŞ dolları (real artım müvafiq olaraq 1,5 % və 1 %), 2026-cı ildə 7,6 min ABŞ dolları (0,5 %), 2027-ci ildə isə 7,8 min ABŞ dolları (0,5 %) səviyyəsində olacağı gözlənilir.
“S&P”nin proqnozuna görə, həm 2024-cü, həm də 2025-ci ildə real investisiya artımı 5 % təşkil edəcək (ÜDM-də payı müvafiq olaraq 18,7 % və 19,8 % təşkil edəcək). Bu göstərici 2023-cü ildə 6 % (ÜDM-də payı 18,3 %) idi.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 38 milyard 181,9 milyon manatlıq və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,7 % artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 748,1 manata bərabər olub.
Azərbaycan hökuməti 2024-cü ildə ÜDM-i 121,3 milyard manat, o cümlədən qeyri-neft gəlirlərini 84,7 milyard manat səviyyəsində proqnozlaşdırır.
2023-cü ildə ölkədə ÜDM 1,1 % artaraq 123 milyard manat (72 milyard ABŞ dolları), adambaşına düşən gəlir isə 0,5 % artaraq 7,1 min ABŞ dolları təşkil edib.