Yaxın vaxtlara qədər Azərbaycanın qiymətli kağızlar bazarının iştirakçısı olan, hazırda isə yeni tələblərlə əlaqədar fəaliyyətini dayandırmış “Standard Kapital” MMC nizamnamə kapitalını azaldır. Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.
Məlumata görə, şirkətin yeganə təsisçisi iyulun 18-də onun nizamnamə kapitalının 300 000 manatdan 200 000 manata endirilməsi, yəni 100 000 manat azaldılması barədə qərar qəbul edib. Kreditorlar 1 ay ərzində tələblərini Bakı şəhəri, Azərbaycan prospekti, 4 ünvanına bildirə bilərlər.
“Standard Kapital”ın rəhbərliyi kapitalın azaldılmasının səbəbi barədə açıqlama vermək istəmir. Mütəxəssislər isə hesab edir ki, bu addım çox güman ki, Şirkətin “Qiymətli kağızlar bazarı” yeni qanunun tələblərinə uyğun formalaşdırılmaması (təşkilati-hüquqi formasını dəyişərək investisiya şirkətinə çevrilməməsi), bazarı tərk etmək niyyətində olması ilə bağlıdır. Xatırladaq ki, investisiya şirkəti bütün xidmətləri göstərə bilmək üçün azı 300 min manat məbləğində kapitala sahib olmalıdır.
“Şirkətin nizamnamə kapitalı 300 min manat olsa da, onun məcmu kapitalının bundan az – 100 min manat olduğunu düşünürəm. Yəgin ki, elə bu məbləği də şirkətin təsisçisi onun hesabından götürmək istəyib” – deyə adının açıqlanmasını istəməyən kapital bazarı üzrə ekspert “Report”a bildirib.
Xatırladaq ki, “Standard Kapital” 2004-cü ildən fəaliyyət göstərir. Şirkət “AB Standard” – Şirkətlər Qrupu QSC-yə daxildir. Bu holdinqdə həmçinin son illər üzləşdiyi maliyyə problemləri ilə gündəmdə olan “Bank Standard” QSC təmsil olunur.