Beynəlxalq reytinq agentliyi “Standard & Poor’s” Türkiyə, Venesuela və Argentinanı xarici kapital axınına ən çox bağlı olan ölkələr elan edib.
“Report”un Rusiya mətbuatına istinadən xəbərinə görə, “S&P” bəyan edib ki, qlobal maliyyə bazarlarında ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcələrini artırması ilə yaranacaq likvidlik problemi ən çox adı çəkilən ölkələrə mənfi təsir göstərəcək.
Bu səbəbdən agentlik inkişaf etməkdə olan ölkələrin müstəqil reytinqlərinin azaldılma risklərinin olduğunu qeyd edib.
Qurumun müstəqil reytinqlərə xidmət üzrə direktoru Moritz Kramer (Moritz Kraemer) deyib ki, inkişaf etməkdə olan 20 əsas ölkədən 9-u yüksək borc səviyyəsi səbəbindən mənfi reytinq proqnozuna sahibdir. Yaxın 2 il ərzində bu ölkələrin reytinqləri azaldıla bilər.
Bundan başqa, agentlik hesab edir ki, dünya iqtisadiyyatı və ticarətinin yavaşlaması, həmçinin inkişaf etmiş ölkələrin proteksionist iqtisadi siyasəti inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına zərər vuracaq.