Nazirlər Kabineti “Startapın müəyyən olunması meyarları” və “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nı təsdiqləyib.
“Startapın müəyyən olunması meyarları”na əsasən, meyarlara cavab verən və “Startap” şəhadətnaməsi əldə edən hüquqi və ya fiziki şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan azadolmadan istifadə hüququ qazanır.
Onlar “Startap” şəhadətnaməsi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə, mikro və ya kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər gəlir vergisindən – 3 il müddətinə azad edilirlər.
Eyni zamanda Nazirlər Kabinetinin təsdiq etdiyi “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları” innovativ layihələrin, yəni iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin və onların nəticələrinin tətbiqi əsasında yeni və ya təkmilləşdirilmiş mal (iş, xidmət), texnoloji proses yaradılmasına və yerinə yetirilməsinə istiqamətlənmiş fəaliyyətlə bağlı olan layihələrlə əlaqədar ictimaiyyət üçün açıq məlumatların əks olunduğu reyestrinin aparılması qaydasını müəyyən edir.
Reyestrin aparılmasının məqsədi ölkədə mövcud olan innovativ layihələrin mərkəzləşdirilmiş açıq məlumat bazasını yaratmaqla, ictimaiyyətin həmin məlumat bazasından şəffaf, çevik və səmərəli istifadəsinin təmin edilməsidir.
Qeyd edək ki, “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslərə (ərizəçi) dair meyarlar aşağıdakılardır:
– mikro və ya kiçik sahibkarlıq subyekti olması;
– orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması;
– rezident vergi ödəyicisi olması.
Ərizəçilərin təqdim edəcəyi məhsula (xidmətə) dair meyarlar aşağıdakılardır:
– məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;
– innovativ təşəbbüsə əsaslanan olması:
– mövcud istehsal və ya xidmət proseslərinin yeni formada təşkili ilə əlavə dəyərin yaradılması;
– yeni texnologiyanın tətbiqi ilə əlavə dəyərin formalaşması;
– rəqabətqabiliyyətli olması;
– . qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;
– digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.